Yuxarı

AÇG bloku üzrə yeni müqaviləyə dair razılaşma ilin sonuna kimi əldə edilə bilər

Rövnəq Abdullayev: Cənub Qaz Dəhlizi üçün investisiya banklarından 2 mlrd. dolların cəlb edilməsi planlaşdırılır

Bakı. 2 aprel. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinə dair yeni müqavilənin imzalanması ilə bağlı danışıqlar aparılır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev qeyd edib ki, cari ilin sonuna kimi razılaşmanın əldə edilməsi mümkündür: "Cənub Qaz Dəhlizi üçün ilin sonuna qədər investisiya banklarından 2 mlrd. dollara qədər investisiyanın cəlb edilməsi planlaşdırılır".

SOCAR prezidenti həmçinin Belçikanın "Fluxys" şirkətinin DESFA-dan imtina etməsiylə bağlı məsələyə də toxunub: "Heç kim heç yerdən çıxmayıb. Biz hələ seçim edirik. Belçika şirkəti müraciət etmişdi, sonra bildirdi ki, DESFA-da yer almaq istəmir. "Snam" şirkətinə gəldikdə isə biz onlarla bir yerdə işləyirik".

Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

İtaliyanın "Snam", Belçikanın "Fluxys" və İspaniyanın "Enagas" şirkətləri bu zərfin alınmasında maraqlı olduqlarını bildirib və rəsmi olaraq Yunanıstan Dövlət Aktivlərinin İnkişafı Fonduna (HRADF) müraciət edib. Lakin ötən həftə Yunanıstan KİV-i "Fluxys" şirkətinin danışıqlardan imtina etdiyi barədə məlumat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi