Yuxarı

ABŞ şist neft hasilatını kəskin artırmağa hazırlaşır

Moody's neft qiymətlərinin uzun müddət aşağı olacağını, Goldman Sachs isə sentyabrda hasilatın dondurulacağını ehtimal edir

Bakı. 23 avqust. REPORT.AZ/ Dünya bazarında neft qiymətlərinin 50 dollar/barelə yaxınlaşması ABŞ-da bir sıra iri şist neft hasilatçılarını fəaliyyətini genişləndirməyə sövq edib. "Report"un "The Wall Street Journal"a istinadən verdiyi xəbərə görə, "Devon Energy Corp.", "Pioneer Natural Resources Co." və digər şirkətlər investorları payız aylarında yeni quyuların qazılmasına investisiya edəcəkləri barədə məlumatlandırıb. 

Bununla yanaşı, ABŞ-ın şist neft hasilatçıları 50 dollar/barel səviyyəsində olan qiymətlərlə dayanıqlı hasilatı bərpa edə bilməklə yanaşı xərclərini də mövcud qiymətlərə uyğunlaşdırıb. Bundan başqa, hasilatçılar quyuların məhsuldarlığını da 15-30% artırmağa müvəffəq olub. "Robert W.Baird & Co." investisiya şirkətinin analitiki Daniel Katsenberq (Daniel Katzenberg) bildirib ki, hasilatçıların bu dərəcədə fəallaşması neft qiymətlərinin artmasına mane olacaq. 

Qeyd edək ki, Energetika Nazirliyinin hesabatına əsasən, ABŞ-ın kommersiya ehtiyatları keçən ilin analoji dövrü ilə müqayisədə 14% artaraq 521 mln. bareli ötüb. ABŞ-dakı şist neft hasilatçıları neft qiymətlərinin düşmə ehtimalına baxmayaraq, yeni quyuların istismara verilməsi prosesini sürətləndirib. Belə ki, son iki ayda 70-ə yaxın quyu fəaliyyətə başlayıb. Hasilatçılar fəaliyyətini dayandırmış quyularda işləri yenidən bərpa etməyi də düşünür. 

"Devon Energy Corp." 2016-cı ildə xərclərini 20% artıraraq 1,3 mlrd. dollara çatdırmağı və Oklahoma və Texas ştatlarında 7 yeni qazma quyusunu istismara verməyi planlaşdırır. "Pioneer Natural Resources Co." şirkəti isə xərcləri 5% artıraraq 2.1 mlrd. dollara çatdırmağı və 5 yeni quyunu istismara vermək niyyətindədir ki, nəticədə, 2017-ci ildə hasilatı 17% artıracaq.

Qeyd edək ki, "Moody's" beynəlxalq reytinq agentliyi açıqladığı proqnoz hesabatında ortamüddətli perspektivdə neft qiymətlərinin 40-60 dollar/barel səviyyəsində olacağını ehtimal edib. Agentlik neft qiymətlərinin cari səviyyəsinin neft hasilatçısı olan ölkələrin iqtisadi və maliyyə vəziyyətinə, həmçinin kredit ödəmə qabiliyyətinə müsbət təsir edə bilməyəcəyini qeyd edir. Təşkilat neft qiymətlərinin uzun müddət aşağı səviyyədə qalacağı barədə daha əvvəl qeyd etdiyi proqnozunu isə dəyişməyib.

"Goldman Sachs" investisiya bankının analitikləri isə OPEC və digər neft hasilatçısı olan ölkələrin sentyabrda Əlcəzairdə keçiriləcək növbəti görüşdə neft hasilatını dondura biləcəyini ehtimal edir. Ekspertlər bu görüşdə İran və Səudiyyə Ərəbistanının əsas rol oynayacağını bəyan edirlər. Görüşdə razılıq əldə olunacağı təqsdirdə isə, bundan daha çox hasilatı artıracaq qeyri-OPEC dövlətləri faydalanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi