Yuxarı
    Bağlamaq

    ​ABŞ səfiri Energetika Nazirliyində olub

    Natiq Əliyev: TAP layihəsi ilə bağlı tikinti işlərinə martda başlanması nəzərdə tutulur

    Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib. Bu barədə "Report"a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Görüşdə regional, Avropa və qlobal səviyyədə enerji təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-ın etibarlı enerji istehsalçısı və təchizatçısı kimi Azərbaycanla əməkdaşlığı məsələləri müzakirə edilib.

    Neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar dünya enerji bazarında yaranmış son vəziyyət, hasilatın “dondurulması” təşəbbüsü ətrafında aparılan danışıqlar və Azərbaycan-İran enerji əməkdaşlığının hazırkı səviyyəsinə dair fikir mübadiləsi aparılıb.

    Energetika naziri Azərbaycan və İran hökumətləri arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanmasını iki ölkənin enerji sahəsində əməkdaşlığına töhfə kimi qiymətləndirib.

    R.Sekuta isə ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın fevralın 29-da Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclası çərçivəsində Azərbaycana baş tutacaq səfərindən bəhs edərək, layihənin gedişatı ilə maraqlanıb. Səfir layihənin icrasının sürətləndirilməsinə kömək edəcək təkliflərin Məşvərət Şurasının iclasında müzakirəyə çıxarılmasını tövsiyə edib.

    N.Əliyev Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı işlərin qrafikə uyğun aparıldığını və Azərbaycanın layihə ilə bağlı öhdəlikləri yerinə yetirdiyini diqqətə çatdırıb.

    O bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin əsas elementlərindən olan “Şahdəniz-2” üzrə konsepsiyaya körpü ilə birləşdirilən iki dəniz platformasının tikintisi, quyuları sahildəki terminalla birləşdirəcək 500 km uzunluğunda sualtı boru kəmərlərinin inşası, dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi, yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal terminalının genişləndirilməsi ilə yanaşı, 2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması daxildir.

    Nazir deyib ki, bu quyulardan 8-i artıq qazılıb. Cənub Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi layihəsi üzrə işlər Azərbaycan və Gürcüstan ərazilərində boru kəməri marşrutu boyunca davam etdirilir.

    İndiyədək TANAP-ın tikintisi üzrə işlərin 20%-dən çoxu yekunlaşdırılıb. Trans-Adriatik boru kəməri (TAP) layihəsi ilə bağlı tikinti işlərinə isə bu ilin mart ayında başlanması nəzərdə tutulur.

    N.Əliyev TAP ətrafında müşahidə olunan çətinliklərdən də söz açaraq ABŞ-ın bu məsələdə mövqeyini yüksək qiymətləndirib. Qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclası bu layihələrin vaxtında yerinə yetirilməsinə və Azərbaycan qazının Avropaya çatdırılmasına lazımi dəstəyi təmin edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi