Yuxarı

ABŞ neft ixracına başlayıb

İlk ixrac müqaviləsi Niderlandın Vitol Group şirkəti ilə bağlanıb

Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ-da son 40 ildə ilk dəfə olaraq neft ixracı üzrə müqavilə imzalanıb. "Report"un "The Wall Street Journal"a istinadən verdiyi xəbərə görə, Texasda yerləşən "Enterprise Products" şirkəti yanvar ayının əvvəlində İsveçrədəki neft emalı zavoduna 600 min barel neft göndərəcək. Texasda hasil olunan neft Hyuston terminalından yola düşəcək. "Enterprise Products"un baş əməliyyat direktoru Cim Tiq bildirib ki, neft ixracına qoyulan qadağanın götürülməsi ABŞ-da iqtisadi artıma və yeni iş yerlərinin açılmasına müsbət təsir edəcək və ən başlıcası ölkənin enerji təhlükəsizliyini gücləndirəcək.

Müqavilə Niderlandın "Vitol Group" şirkəti ilə bağlanıb. İlk partiya İsveçrədəki neft emalı zavodlarına çatdırıldıqdan sonra oradan dizel və digər yanacaq növləri Şimali Avropa ölkələrinə nəql ediləcək.

"Report"un analitik qrupu hesab edir ki, ABŞ-dan həyata keçirilən neft ixracı Avropa bazarında satıcılar arasında rəqabəti daha da gücləndirəcək. Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı Şərqi Avropa ölkələrində fəaliyyətini genişləndirməyə və Rusiyanın bu bazarda payını azaltmağa başlayıb. Avropa bazarına neft ixrac edən ölkələrin sayının artması "Brent" markalı neftin düşməsinə səbəb olacaq. Lakin bununla yanaşı, ABŞ-ın WTI markalı neftinə tələbat və onun qiyməti artacaq. 

Qeyd edək ki, 2011-ci ildən "Brent" markalı neft WTI neftindən baha satılsa da, neft bazarındakı son hadisələr qiymətlərin WTI markalı neftin xeyrinə dəyişməsinə səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi