​ABŞ aprel ayında gündəlik hasilatı 106 min barel azaldır

​ABŞ aprel ayında gündəlik hasilatı 106 min barel azaldır Qlobal bazarlarda neftə tələbin də getdikcə azalması ehtimal edilir
Energetika
9 Mart , 2016 19:37
​ABŞ aprel ayında gündəlik hasilatı 106 min barel azaldır

Bakı. 9 mart. REPORT.AZ/ ABŞ-ın gündəlik neft hasilatını aprel ayında 106 min barel azaldacağı proqnozlaşdırılır. Bu barədə "Report" ABŞ Energetika Nazirliyinə istinadən xəbər verir. Əsas azalma Texasın "Eagle Ford" yataqlarında gözlənilir və sutkada 58 min barel təşkil edəcəyi ehtimal edilir. Bu yataqlarda hasilatın 1,177 mln barel/günə düşəcəyi bildirilib.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, ümumiyyətlə, ABŞ şist neft hasilatının aprel ayında azalması ilə hasilatın mart ayı ilə müqayisədə 106 min barel və ya 2,2% azalaraq 4,871 mln. barelə düşəcəyi proqnozlaşdırılıb.

Şimali Dakota ştatının "Bakken" yataqlarında isə azalma 28 min barel və ya 2,6% təşkil edərək 1,079 mln. barel/günə, "Niobrara" yataqlarında isə 15 min barel və ya 3,7% azalaraq 408 min barelə enəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ Energetika Nazirliyi "Baker Hughes" neft-qaz sektoru xidmət şirkətinin aktiv neft yataqlarının sayına istinad edərək proqnozlarını həyata keçirir.

"Report"un analitik qrupu hesab edir ki, hasilatın 2%-ə yaxın azalması qlobal neft hasilatının həcminə ciddi təsir etməyəcək. İkinci rübdən etibarən bir sıra neft hasil edən ölkələrdə hasilatın azalması gözlənilsə də,  bu, neftin hazırda təklifinin tələbi 1,5 mln. barel üstələməsini balanslaşdırmağa yetməyəcək. Qeyd edək ki, təklifin azalması ilə bərabər, qlobal iqtisadiyyatın yavaşlaması fonunda tələbin də bir miqdar azalması ehtimal edilir. Məhz bu səbəbdən il ərzində neft qiymətlərinin 25-50 dollar/barel aralığında olması gözlənilir.

Son xəbərlər

Orphus sistemi