ABŞ-da qoruq ərazisində neft quyuları qazılacaq

ABŞ-da qoruq ərazisində neft quyuları qazılacaq ABŞ prezidenti Donald Tramp administrasiyası Alaska ştatında yerləşən Arktika Milli Vəhşi Təbiət Qoruğu (ANWR) ərazisində neft quyularının qazılmasına dair yaxın günlərdə lizinq müqavilələri üçün namizədləri açıqlayacaq.
Energetika
16 Noyabr , 2020 16:53
ABŞ-da qoruq ərazisində neft quyuları qazılacaq

ABŞ prezidenti Donald Tramp administrasiyası Alyaska ştatında yerləşən Arktika Milli Vəhşi Təbiət Qoruğu (ANWR) ərazisində neft quyularının qazılmasına dair yaxın günlərdə lizinq müqavilələri üçün namizədləri açıqlayacaq.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, uzun illər ərzində həmin bölgədə qazma işlərinə qüvvədə olmuş qadağa 2017-ci ildə ləğv edilib. Noyabrın 3-də keçirilmiş prezident seçkilərinin nəticələrinə görə ölkənin yeni seçilmiş prezidenti Co Bayden qoruqda quyu qazılmasına qarşı çıxsa da, Alyaska ştatının qanunvericiləri ekoloji cəhətdən həssas bölgənin neft-qaz kəşfiyyatı üçün açmağa tələsirlər. Hökumət ərazinin qazma işlərinə açılması planının hazırlığını bu ilin əvvəlində başa çatdırıb.

Amerika Neft İnstitutunun (APİ) vitse-prezidenti Frank Makkiarollanın dediyinə görə, buradakı yataqların istismarı çoxlu iş yeri və yerli büdcəyə xeyli gəlir gətirəcəyi üçün əhalinin əksəriyyəti tərəfindən dəstəklənir. Sözügedən ərazinin lizinq satışına dair müqavilənin Co Baydenin 20 yanvar tarixinə təyin olunmuş andiçmə mərasimi ərəfəsində imzalanacağı bildirilir.

“Bu hökumət bizim səslərimizi, bizim narahatlığımızı daim qulağardına vurur. Bizim ərzaq təhlükəsizliyimiz də, torpaqlarımız, həyat tərzimiz də məhvolma astanasındadır”, – deyə Qviç’in Rəhbər Komitəsinin icraçı direktoru Bernadett Dementieff qeyd edib.

19 milyon akr, yaxud 7,7 milyon ha ərazisi olan ANWR-in yerli xalqı də daxil olmaqla bu bölgənin yerliləri, habelə karibu maralı, ağ ayı kimi bir sıra heyvan növləri üçün ənənəvi yaşayış məkanıdır. Son aylar ABŞ-ın bir neçə iri bankları Arktikada neft-qaz layihələrinə sərmayə yatırmayacaqlarını açıqlayıblar.

Hazırda Alyaska ştatında gündəlik neft hasilatı 500 min barelə yaxındır, halbuki ötən əsrin 80-ci illərinin sonunda 2 milyon barel təşkil edib.

Son xəbərlər

Orphus sistemi