ABŞ-da neft ehtiyatlarının artması qiymətləri aşağı salıb

ABŞ-da neft ehtiyatlarının artması qiymətləri aşağı salıb "Citibank": Vyanada anlaşma əldə olunarsa neft 55 dollara yüksələcək, əks halda 45 dollara düşəcək
Energetika
2 Noyabr , 2016 10:52
ABŞ-da neft ehtiyatlarının artması qiymətləri aşağı salıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Dünən, noyabrın 1-də neft qiymətləri ABŞ-da açıqlanan neft ehtiyatlarında artım xəbəri səbəbindən düşməyə davam edib. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Amerika Neft İnstitutunun (APİ) həftəlik hesabatına əsasən, oktyabrın 23-28-də ABŞ-ın neft ehtiyatları 9,3 mln. barel artıb. Bu da ekspertlərin proqnozundan 9 dəfə çoxdur. Qeyd edək ki, bu gün ABŞ Energetika Nazirliyi tərəfindən neft ehtiyatlarının rəsmi statistikasının açıqlanması gözlənilir. Ekspertlər ehtiyatlarda 1,013 mln. barel və ya 0,21% artımın olacağını ehtimal edirlər. Bununla da ABŞ-ın neft ehtiyatlarının 469,21 mln. barelə çatması gözlənilir.

Bundan başqa, neft qiymətlərinə noyabrın 30-da Vyanada keçiriləcək OPEC sammitində neft hasilatının mümkün məhdudlaşdırılması ilə bağlı razılaşmanın əldə olunmasının çətinləşməsi birbaşa təsir edir. Belə ki, son hadisələr bir çox ölkənin hasilatı maksimum səviyyəyə çatdırdığını, bəzi ölkələrin isə hasilatı məhdudlaşdırmağa ümumiyyətlə razı olmadığı müşahidə edilir. Bununla yanaşı, neft qiymətlərinin 50 dollar/barel səviyyəsinə yaxınlaşması ilə ABŞ-da hasilatın artdığını görürük. Bu da neft bazarında bir qədər də gərginliyin yaranmasına səbəb olur.

"Bloomberg" agentliyinin xəbərinə görə, ABŞ "Citibank"ının  analitikləri bildiriblər ki, Vyana sammitində müsbət nəticə əldə olunmasa, neft qiymətləri 45 dollar/barelə enə, əksinə, əldə olunarsa, 55 dollar/barelə qədər yüksələ bilər.

"Report"un analitik qrupu bildirir ki, "Brent" markalı neft ABŞ-dakı ehtiyatların artması xəbərindən sonra 47,70 dollar/barelə enib. Hazırda "Brent" nefti 47,85 dollara satılır. Bununla da son 3 həftədə neftin qiyməti 6 dollar/barel və ya 11%-dən çox azalma göstərib. Neft qiymətlərinin həftə sonuna qədər 45 dollar/barelə qədər enməsi proqnozlaşdırılır. İlin sonuna qədər isə neft qiymətlərinin 40 dollar/barel səviyyəsində sabitləşəcəyi ehtimal edilir.                                       

Son xəbərlər

Orphus sistemi