ABŞ-da ehtiyatların artması fonunda neft ucuzlaşır

ABŞ-da ehtiyatların artması fonunda neft ucuzlaşır “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 66,98 dollar/barelə, WTI markalı neftin aprel fyuçersləri isə 63,59 dollar/barelə düşüb
Energetika
10 Mart , 2021 10:46
ABŞ-da ehtiyatların artması fonunda neft ucuzlaşır

Dünya bazarlarında neft qiymətləri çərşənbə günü səhər saatlarında Amerika Neft İnstitutunun (API) ölkədəki xammal ehtiyatlarında daha bir ciddi artım barədə məlumatları fonunda ucuzlaşır.

“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:47-yə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 0,8% azalaraq bir barel üçün 66,98 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçersləri isə 0,66% azalaraq 63,59 dollar/barelə düşüb.

API məlumatlarına görə, martın 5-də bitən həftədə ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 12,8 milyon barel artıb. Bu, ehtiyatlardakı üçüncü ardıcıl artım həftəsi ola bilər, özü də bir həftə əvvəl ehtiyatlar müşahidələr tarixi ərzində rekord həcmdə - 21,6 milyon barel artmışdı.

ABŞ dollarının möhkəmlənməsi də neft qiymətlərinə təzyiq göstərir. Baha dollar neft də daxil olmaqla, xammalları digər valyutalarda satın alanlar üçün onları daha az əlçatan edir. Dollar indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə qarşı dollar məzənnəsi) 0,23% artaraq 92,17 bəndə çatıb. Göstərici 92 bənddən yuxarı qalxaraq ötən ilin noyabr ayının sonundan bəri maksimum səviyyəyə yüksəlib.

Neft qiymətləri ötən ilin noyabr ayından bəri hər dəfə aylıq artım sərgiləyir. Noyabr ayının əvvəlində neftin bir barreli təxminən 35-37 ABŞ dolları dəyərində idi. Sonradan “peyvənd nikbinliyi”, iqtisadi dirçəliş və tələbatın bərpası ümidləri, eləcə də OPEC+in hasilatı azaltmaq səyləri qiymət artımını dəstəkləyib.

Son xəbərlər

Orphus sistemi