Yuxarı
    Bağlamaq

    ABŞ-da aktiv neft quyularının sayında cüzi artım olub

    Neft hasilatı isə yeni rekord səviyyəyə yüksəlib

    Bakı. 4 dekabr. REPORT.AZ/ ABŞ-da aktiv neft quyularının sayı noyabrın 24-dən dekabrın 1-nə qədərki həftə ərzində 2 ədəd və yaxud 0,26% artaraq 749 ədədə çatıb.

    Bu barədə "Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir.

    Məlumata görə, hesabat həftəsində aktiv qaz quyularının sayı isə 4 ədəd və yaxud 2,27% artaraq 180 ədədə çatıb. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 6 ədəd və yaxud 0,65% artaraq 929 ədəd təşkil edib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 272 ədəd və yaxud 57%, aktiv qaz quyularının sayı 61 ədəd və yaxud 51,3%, ümumilikdə isə fəaliyyətdə olan neft-qaz quyularının sayı 332 ədəd və yaxud 55,6% artıb.

    2016-cı il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub ki, bu da son 7 ilin minimal həddi deməkdir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,37 dəfə çoxdur. Bu göstərici rekord həddə isə 2014-cü ilin oktyabr ayında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53,4% aşağıdır.

    "Report"un analitik qrupu hesab edir ki, yaxın 3-6 ay ərzində dünya bazarında neftin 1 barelinin qiyməti 50-65 dollar arasında dəyişəcək: "Neftin qiymətinin 50 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidəcək, 65 dollar/bareli ötməsi isə quyuların sayının artmasını sürətləndirəcək".

    Xatırladaq ki, bu il avqustun 11-də ABŞ-da aktiv neft quyularının sayı bu ilin maksimum həddinə çataraq 768 ədəd təşkil edib və hazırda quyuların sayı bu səviyyədən 19 ədəd və yaxud 2,5% aşağıdır. ABŞ-da neft hasilatı bu həftə 24 min barel və yaxud 0,25% artaraq 9,682 mln. barel/günə çatıb və rekordu yeniləyib. Bu rəqəmin qısamüddətli perspektivdə 10 mln. barel/günü ötməsi gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi