ABŞ-da aktiv neft-qaz quyularının sayı minimal səviyyədən 40% artıb

ABŞ-da aktiv neft-qaz quyularının sayı minimal səviyyədən 40% artıb Aktiv quyuların sayının 2017-ci ildə daha 300 ədəd artması gözlənilir
Energetika
22 Oktyabr , 2016 14:11
ABŞ-da aktiv neft-qaz quyularının sayı minimal səviyyədən 40% artıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 15-21 oktyabr tarixlərində 14 ədəd və ya 2,6% artaraq 553-ə çatıb.

"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 11 ədəd və yaxud 2,55% artaraq 443 ədəd, qaz quyularının sayı 3 ədəd və yaxud 2,86% artaraq 108 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 151 ədəd və yaxud 25,4%, qaz quyularının sayı isə 87 ədəd və yaxud 44%, ümumilikdə isə neft-qaz quyularının sayı 248 ədəd və yaxud 29,7% azalıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı bu il mayın 25-nə 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda isə aktiv neft quyularının sayı minimal həddən 40,2% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 72,5% aşağıdır.

ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı aradakı 2 həftə istisna olmaqla 21 həftədir artmaqda davam edir. Bu həftələrin birində azalma, digərində isə sabitlik qeydə alınıb.

"Report"un analitik qrupu hesab edir ki, neft qiymətlərinin 50 dollar/bareli ötməsi ABŞ-da neft sektorunun canlanmasını sürətləndirməyə davam edəcək. Hələlik aktiv quyuların sayının çoxalması neft hasilatını artırmasa da, yaxın gələcəkdə neftin qiyməti 50-55 dollar/barel diapazonunda qalmağa davam edərsə, hasilatda artım müşahidə ediləcək. ABŞ-ın məşhur "Goldman Sachs" bankının ekspertləri hesab edirlər ki, ABŞ-ın energetika şirkətləri artıq neft və qaz qiymətlərinin aşağı səviyyəsinə uyğunlaşıb. Hətta energetika sektoru şirkətləri 2016-cı ildə səhm emissiyasından 2015-ci il ilə müqayisədə 2 dəfə çox, yəni 30 mlrd. dollar vəsait cəlb edə bilib. "Goldman Sachs"ın analitikləri qeyd edirlər ki, ABŞ-ın neft-qaz şirkətləri 2017-ci ildə aktiv neft-qaz qazma quyularının sayını 300 ədəd artıracaq.

Son xəbərlər

Orphus sistemi