Bakı. 25 fevral. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçılar üçün quraşdırılmış müasir tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi, ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemləri aradan qaldırmaq məqsədilə bir sıra yeniliklər tətbiq edilir.
SOCAR-dan “Report”a verilən məlumata görə, Bakı şəhəri və Abşeron rayonunda abonentlərin mənzillərində quraşdırılmış 17 972 ədəd (Nəsimi rayonu - 3 480, Yasamal rayonu - 2 526, Xəzər rayonu - 1 207, Sabunçu rayonu - 42, Səbail rayonu - 539, Binəqədi rayonu - 1 475, Xətai rayonu - 3 055, Nərimanov rayonu - 2 677, Suraxanı rayonu - 241, Nizami rayonu - 1 244, Qaradağ rayonu - 273, Abşeron rayonu - 1 213) “Actaris” Gulf tipli qaz sayğaclarının ödəniş xidmətləri yalnız Bakı şəhərində yerləşən “Kapital Bank"ın filiallarında olan terminallarda “TaleXus” proqramı vasitəsi ilə həyata keçirilir.
Həmin proqram təminatında tez-tez nasazlıqların yaranması Gulf tipli qaz sayğaclarının kartlarına ödəniş zamanı abonentlərə bir sıra çətinliklər yaradır. Bunun qarşısını almaq, eyni zamanda abonentlərin istehlak etdiyi təbii qaza görə ödənişləri daha yüksək keyfiyyətlə həyata keçirmələri məqsədi ilə Bakı şəhəri və Abşeron rayonu ərazilərində qazlaşdırma işləri aparılarkən artıq kütləvi şəkildə Gulf tipli sayğaclar deyil, “İtron” tipli smart qaz sayğacları quraşdırılır.
Gulf tipli sayğaclara malik olan 17 972 abonentin ödənişləri daha rahat aparmaları üçün “Actaris” Gulf tipli sayğacların proqram təminatının dəyişdirilməsi və “İtron” smart tipli qaz sayğaclarına uyğunlaşdırılmasına başlanılıb.
Birliyin mütəxəssisləri xüsusi servis kartları vasitəsilə yeni proqramı sayğaclara yükləyir, həmin proqrama uyğun kartları abonentlərə təqdim edirlər. İşlər başa çatdırıldıqdan sonra “Actaris” Gulf tipli qaz sayğaclarından istifadə edən abonentlər smart-kartlara ödənişləri yalnız “Kapital Bank" filiallarından deyil, istənilən ödəniş terminallarından həyata keçirə biləcəklər.