2022-ci ildə AÇG əməliyyat xərclərini 12 %-dək azaldıb
- 09 fevral, 2023
- 09:35
2022-ci il ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlarının işlənməsi üzrə fəaliyyətlərə təxminən 470 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 1,624 milyard ABŞ dollarına yaxın əsaslı məsrəflər xərcləyib.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından 2022-ci il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Ötən il ərzində AÇG üzrə əməliyyat xərcləri 2021-ci illə müqayisədə 63 milyon ABŞ dolları və ya 11,8 %, əsaslı xərcləri isə 36 miyon ABŞ dolları və ya 2,17 % az olub.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.