2019-cu il enerji sektorunda hansı hadisələrlə yadda qaldı?

2019-cu il enerji sektorunda hansı hadisələrlə yadda qaldı? Artıq 2019-cu ilə də “Əlvida” dedik. Bu il də bir göz qırpımında geridə qaldı. 2019-cu ili iqtisadiyyatımızın bütün sahələri kimi, neft-qaz, neft-kimya və ümumilikdə enerji sahəsində də çox uğurlu il kimi xatırlayacağıq. Azərbaycanda böyük şairimiz İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş və “Nəsimi ili” kimi qeyd edilən 2019-cu il enerji sektorunda bir çox layihələrin icrasının uğurla başa çatması ili kimi yadda qaldı. Beləliklə, “Report” neft-qaz, neft-kimya, ümumilikdə enerji layihələri ilə zəngin ilə yenidən nəzər yetirir.
Energetika
120
2 Yanvar , 2020 10:30
2019-cu il enerji sektorunda hansı hadisələrlə yadda qaldı?

Artıq 2019-cu ilə də “Əlvida” dedik. Bu il də bir göz qırpımında geridə qaldı. 2019-cu ili iqtisadiyyatımızın bütün sahələri kimi, neft-qaz, neft-kimya və ümumilikdə enerji sahəsində də çox uğurlu il kimi xatırlayacağıq. Azərbaycanda böyük şairimiz İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş və “Nəsimi ili” kimi qeyd edilən 2019-cu il enerji sektorunda bir çox layihələrin icrasının uğurla başa çatması ili kimi yadda qaldı. Beləliklə, “Report” neft-qaz, neft-kimya, ümumilikdə enerji layihələri ilə zəngin ilə yenidən nəzər yetirir.

Azərbaycan qazı Avropa yolunda 

2019-cu ilin ən mühüm hadisələrində biri Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının açılışının həyata keçirilməsidir. Belə ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində TANAP-ın Faza-1 hissəsinin açılış mərasimi keçirilib. Bu məqamda qeyd edək ki, İpsala qəsəbəsi TANAP-ın MS4 ölçü stansiyasının yerləşdiyi və Avropaya Azərbaycan qazını nəql edəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilən ərazidir. 

Faza-1 adlandırılan hissənin, yəni Əskişəhərdən Avropaya qədər olan hissənin diametri 48 düym, uzunluğu 476 km təşkil edir. Faza-1-in tikintisinə 2016-cı il mayın 20-də başlanıb. Bu hissədə sınaq qazının vurulması işlərinə aprelin 15-də başlanılıb. İyunun 15-də “Şahdəniz” qazı Türkiyə-Yunanıstan sərhəddinə çatıb.

TANAP-ın ikinci hissəsinin də istismara verilməsi ilə Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın Avropaya çatdırılmasına doğru bir addım da atılmış oldu. Artıq bu il 3 500 kilometrdən artıq uzunluğu olan Cənub Qaz Dəhlizi kimi nəhəng layihənin son komponenti olan TAP-ın da istismara verilməsi və Azərbaycan qazının Avropa istehlakçılarına çatdırılması nəzərdə tutulur.

Xatrıladaq ki, TANAP-la bağlı ilk addımlar hələ 2011-ci ilin sonlarında atılıb. 2011-ci il oktyabrın 25-də "Azərbaycan və Türkiyə arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn qazın Türkiyə ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Saziş imzalanıb. TANAP layihəsinin həyata keçirilməsi 2011-ci il noyabrın 17-də İstanbulda keçirilən III Qara dəniz enerji və iqtisadi forumunda elan olunub. 

Türkiyədəki ən uzun təbii qaz boru kəməri olan TANAP-ın təməli isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə 17 mart 2015-ci ildə Qarsın Səlim rayonunda qoyulub.

TANAP-ın ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. 2018-ci il iyunun 30-dan TANAP vasitəsilə Türkiyə bazarına 3,5 mlrd. kubmetrdən çox Azərbaycan qazı nəql edilib. 2021-ci ildən isə Türkiyə üçün bu həcm 6 mlrd. kubmetrə çatdırılacaq. Kəmərin ötürücülük gücünün əlavə sərmayələrlə əvvəlcə 24 mlrd. kubmetrə, sonra isə 31 mlrd. kubmetrə çıxarılması planlaşdırılır. Bunun üçün isə əlavə kompressor stansiyaları inşa olunmalıdır.

Hazırda TANAP-ın dəyəri 6,5 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Yekun investisiya qərarı qəbul ediləndə ümumi xərcləri 11,7 mlrd. dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində 5,2 mlrd. dollara qənaətə nail olunub. Hesablamalara görə, TANAP hər il 1,45 mlrd. dollar dəyərində gəlir gətirəcək. Bu gəlirin 58%-i Azərbaycanın payına düşəcək.

25 yaşlı AÇG

2019-cu il Azərbaycanın ən zəngin neft yatağı olan “Azəri-Çiraq-Günəşli” (AÇG) blokunun işlənilməsi üçün imzalanan "Əsrin müqaviləsi"nin 25 illiyinin qeyd edilməsi ilə də yaddaşlara həkk olundu. Bu, həm Azərbaycan hökuməti, həm də yataqlar blokununun operatoru olan BP və onun tərəfdaşları üçün çox mühüm bir hadisədir.

Burada da bir xatırlatma edək ki, 25 il öncə, yəni - 1994-cü il sentyabr ayının 20-də Azərbaycan hökuməti ilə bir qrup beynəlxalq neft şirkəti arasında “Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü” haqqında saziş imzalanıb. Bu saziş sonradan “Əsrin Müqaviləsi” kimi tanınıb. 2017-ci ilin sentyabr ayında bu saziş əsrin ortalarınadək uzadılıb.

Azərbaycanı yenidən dünyanın enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başlayıb. 

Xəzərdə 6 milyard dollarlıq layihə

“Azəri-Çıraq-Günəşli” sazişinin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – “Mərkəzi-Şərqi-Azəri” (ACE) layihəsinə sanksiya verilib. Belə ki, AÇG-də inşa edilməsi planlaşdırılan “Mərkəzi-Şərqi Azəri” platforması üzrə yekun investisiya qərarı qəbul olunub. “Azəri-Çıraq-Günəşli”nin işlənməsi üzrə Rəhbər Komitə yatağın işlənməsinin növbəti mərhələsi olan yeni platformanın layihəsini təsdiqləyib.

Əslində, bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8 000 işçinin cəlb olunacağı gözlənilir.

 6 mlrd. dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 min barel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 mln. barel neftin hasil olunması proqnozlaşdırılır. Platformadan ilk neft hasilatı 2023-cü ildə gözlənilir. 

SOCAR-dan kənd təsərrüfatına dəstək

Geridə qoyduğumuz ilin yanvarında Azərbaycan Dövlət Neft Şirkətinin Sumqayıtda inşa olunan Karbamid zavodu istifadəyə verildi. Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən Zavod 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin, təxminən, 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə ildə 160 milyon dollara qədər əlavə gəlir əldə etməyə imkan verəcək. Karbamid zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir və onun ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir.

Karbamid azot tərkibli gübrədir və kənd təsərrüfatında lazımlı gübrə hesab edilir. Bu gübrənin Azərbaycanda istehsalı kənd təsərrüfatının inkişafına töhfə verəcək. 

Qeyri-neft sektorunun inkişafı

Bundan başqa, ötən ilin fevralında Sumqayıtda “SOCAR Polymer” layihəsinin ikinci zavodu - Yüksəksıxlıqlı Polietilen zavodunun açılışı da olub. Zavodda 4 çeşiddə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edilir. Zavodda istehsal olunan məhsulun bir hissəsi daxili tələbatı ödədikdən sonra böyük hissəsi, təxminən 70-75%-i ixrac  üçün nəzərdə tutulub. Zavod qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, yeni iş yerlərinin açılması, kiçik müəssisələrin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, 2019-cu ilin mühüm hadisələrini yada saldıq. 2020-ci ildə də sektorda əhəmiyyətli hadisələrin baş verməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi