Yuxarı

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların sayı 3 mini keçib

Tələbələr əsasən Türkiyə, Böyük Britaniya və digər ingilisdilli ölkələrdə təhsil almağa üstünlük veriblər

Bakı. 29 dekabr. REPORT.AZ/ 2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı verilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı hesabatda bildirilir.

Yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində 572 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış proqram təqaüdçüləri siyahısına daxil edilib.

Dövlət Proqramının əsas məqsədi qısa perspektivdə ölkənin yüksək rəqabət qabiliyyətli kadrlara olan tələbatını ödəmək olduğundan builki seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Belə ki, seçimlər nəticəsində 309 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb.

Mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik, beynəlxalq olimpiada iştirakçıları, müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı nümayış etdirən 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib.

İlk dəfə 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb.

Tələbələr əsasən Türkiyə, Böyük Britaniya və digər ingilisdilli ölkələrdə təhsil almağa üstünlük veriblər. Sadalanan ölkələrlə yanaşı, Kanadada 29, Rusiyada 25, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanıb.

Dövlət Proqramı çərçivəsində indiyədək 3000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi