Yuxarı

Xaçmaz müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələri açıqlanıb

Qiymətləndirmədə 19 ümumi təhsil fənni üzrə 2300-dən çox müəllim iştirak edib

Bakı. 30 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunun ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələri açıqlanıb. Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən qiymətləndirmədə 19 ümumi təhsil fənni üzrə 2300-dən çox müəllim iştirak edib.

Nazirlikdən bildirilib ki, imtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər.

Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilib. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.

Qeyd edək ki, diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi