Yuxarı

TQDK jurnalistika ixtisasına qəbulla bağlı ittihamlara cavab verib

Yüksək nəticə göstərən abituriyentlər jurnalistika sahəsinə meyilli deyillər

Bakı. 5 avqust. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) son günlər bəzi mətbuat orqanlarında jurnalistika ixtisasına qəbulla bağlı tənqidlərə münasibət bildirib. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Məlumatda qeyd olunub ki, Azərbaycanda ali təhsil müəssisələrinin jurnalistika ixtisasına bakalavriat səviyyəsi üzrə qəbul 2013-cü ilədək ali təhsil müəssisələrinə keçirilən test imtahanının nəticəsinə əsasən aparılırdı. Belə ki, III ixtisas qrupu üzrə qəbul imtahanında müsabiqə şərtini ödəyən abituriyentlər ixtisas seçimi zamanı istəklərinə uyğun olaraq jurnalistika ixtisasını da qeyd edirdilər və nəticədə bu ixtisasa qəbul olmaq istəyən abituriyentlər içərisində daha yüksək bal toplayan abituriyentlər (ixtisas üzrə qəbul planına uyğun olaraq) ali təhsil müəssisələrinin jurnalistika ixtisasına qəbul olurdu.

2014-cü ildən başlayaraq jurnalistika ixtisasına qəbulda dəyişiklik edilərək qabiliyyət imtahanları tətbiq olundu. Həmin ilin əvvəlində Azərbaycan Mətbuat Şurası tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanının tətbiq edilməsi ilə bağlı müraciət olunub, bu məsələ ilə bağlı hər iki qurumun mütəxəssisləri tərəfindən geniş müzakirə aparılıb, xüsusi işçi qrupu yaradılıb, imtahanın keçirilməsi qaydaları və qiymətləndirmə meyarları hazırlanıb. Dəyişikliklərə əsasən, jurnalistika ixtisasına qəbul üçün müəyyən olunmuş müddətdə qeydiyyatdan keçən və müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında müsabiqə şərtini ödəyən abituriyentlərdən təqdim olunan mövzu üzrə esse (inşa) yazmaq tələb olunurdu.

Qabiliyyət imtahanında abituriyentlərə təqdim olunan esse mövzuları 200-dən çox mövzu içərisindən seçilib. Mövzular əhatə etdiyi sahələrə və istiqamətlərinə uyğun olaraq 3 qrupa bölünüb. Qruplardan birinə müstəqillik, dövlətçilik, vətənpərvərlik, millilik, ana dili, vətəndaşlıq, tarix, təhsil, peşə, elm sahələrinə aid, ikincisinə jurnalistika, dostluq, insanpərvərlik, insanın daxili dünyası, sağlamlıq, ekologiya sahələrinə aid, üçüncüsünə isə problematik situasiya və müzakirə xarakterli mövzular daxil edilib. Abituriyentlərə hər qrupdan 1 mövzu olmaqla 3 mövzu təqdim edilib və onlar istəklərinə uyğun olaraq bu mövzulardan birini seçməklə esse yazıblar. 

Qeyd edək ki, esse mövzularının əksəriyyəti, essenin yazılmasına qoyulan tələblər və esselərin qiymətləndirilməsinə aid nümunələr TQDK-nın internet saytına yerləşdirilib ki, abituriyentlərdə bunlarla bağlı aydın, əyani təsəvvür formalaşsın. (http://tqdk.gov.az/exam/bachelor/ səhifəsində "Aktual sənədlər" bölməsi).

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Bütün imtahan prosesi əvvəldən axıradək TQDK-nın inzibati binasında yaradılan qərargahda canlı yayımlanıb.

Essenin qiymətləndirilməsi üçün qiymətləndirmə meyarları işlənib hazırlanıb. Meyarlarda mövzunun strukturunun, mövzunun yaradıcı şəkildə şərhinin və əhatə səviyyəsinin, fikrin fakt və sitatlardan istifadə edilməklə əsaslandırılmasının, söz ehtiyatının zənginliyinin və üslubun orijinallığının, dil qaydalarının ayrılıqda qiymətləndirilməsi tələbləri nəzərdə tutulub. Qiymətləndirmə ayrıca aparılır. Hər istiqamət üzrə "0", "1" və ya "2" bal verilir (hər istiqamət üzrə maksimal bal 2-dir) və hər istiqamət üzrə verilən ballar cəmlənərək esse üzrə yekun qiymət çıxarılır (esse üzrə maksimal bal 10-dur). İnşa (esse) üzrə yekun qiymət 5 və ya 5-dən böyükdürsə esse "məqbul", 5-dən kiçikdirsə, "qeyri-məqbul" hesab edilir. 

Essenin bu meyarlarla qiymətləndirilməsinin üstünlüyü ondadır ki, E istiqaməti üzrə çoxlu sayda səhvlərə (orfoqrafik, leksik, qrammatik və s.) yol verən, amma digər istiqamətlər üzrə meyarların tələblərini ödəyən esse müəllifi "qeyri-məqbul" qiyməti alaraq "kənarda qalmır", "məqbul" qiyməti alır. Yaxud heç bir fakt, sitat və nümunədən istifadə etməyən abituriyentin essesi digər istiqamətlər üzrə meyarın tələblərini ödədikdə, həmin esse "məqbul" ilə qiymətləndirilir. 

Göründüyü kimi, yalnız dil qaydaları ilə bağlı səhvlər (orfoqrafik, leksik, qrammatik və s.) esseyə verilən yekun qiymətin cəmi 20%-ni təşkil edir (qalan 80% jurnalist üçün ən vacib keyfiyyətlərə: mətnin məntiqi strukturunun qurulmasına, məzmununa, fikirlərin əsaslandırılmasına, söz ehtiyatının zənginliyinə və s. aiddir).

Qabiliyyət imtahanında iştirak edən abituriyentlərin esselərinin qeyd olunan meyarlar əsasında yoxlanması markerlər (ekspertlər) tərəfindən həyata keçirilir. Bu il esseləri yoxlayacaq markerlərlə 22 iyul tarixindən 29 iyul tarixinədək praktik treninqlər keçirilib. Treninqlərdə 2014-cü ildə keçirilən qabiliyyət imtahanının real esselərindən etalon esselər seçilib, bu esselərin hər bir istiqamət və yekun qiymət üzrə etalon qiymətləri və qiymətləndirmə meyarları markerlərin hazırlanması və esselərin yoxlanılması üçün yazılmış proqrama daxil edilib. Treninqlərə Mətbuat Şurası tərəfindən təqdim olunan jurnalistlər və jurnalistika sahəsində pedaqoji fəaliyyətlə məşğul olan mütəxəssislər (siyahı 70 addan ibarətdir), həmçinin orta ümumtəhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri (abituriyentlər orta məktəbin məzunları olduğu üçün müəllimlərin bu prosesdə iştirakı məqsədəuyğundur) dəvət ediliblər. 

Mətbuat Şurasının təqdim etdiyi 70 mütəxəssisdən 44-ü müxtəlif səbəblərdən (səhhəti ilə, məzuniyyətdə olması ilə, işinin çoxluğu ilə bağlı, əlaqə yaradılması mümkün olmadığı üçün və s.) treninqdə iştirakdan imtina edib. Qalan 26 mütəxəssisdən 16-ı və 80-ə qədər Azərbaycan dili və ədəbiyyat müəllimlərindən 57-i treninqi müvəffəqiyyətlə keçib (treninqdən keçə bilməyənlərin bir neçəsi kompüterlə işləyə bilmədiklərini səbəb gətirib, müəyyən hissəsi meyarla işləməmiş, esseni fərdi yanaşmaları ilə qiymətləndiriblər).

Bu il esselərin yoxlanılması prosesinə treninqdən müvəffəqiyyətlə keçən 15 jurnalist (1 mütəxəssis yoxlamada iştirakdan imtina edib) və 15 Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb edilib. Hər bir esse 2 marker tərəfindən (1 jurnalist və 1 Azərbaycan dili və ədəbiyyat müəllimi) qiymətləndirilib. Hər iki markerin "məqbul" qiymətləndirdiyi esselər "məqbul", hər iki markerin "qeyri-məqbul" qiymətləndirdiyi esselər "qeyri-məqbul" ilə qiymətləndirilib. Bir markerin "məqbul", digərinin "qeyri-məqbul" ilə qiymətləndirdiyi esse qiymətləndirilmək üçün üçüncü markerə verilib. Üçüncü markerin qiyməti "məqbul" olduqda essenin qiyməti "məqbul", "qeyri-məqbul" olduqda essenin qiyməti "qeyri-məqbul" ilə qiymətləndirilib.

Xatırladaq ki, bu il qabiliyyət imtahanında iştirak etmək üçün 496 abituriyent qeydiyyatdan keçib. Onlardan 492 nəfəri müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edib, imtahanda iştirak edənlərin 341 nəfəri müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanında iştirak etmək hüququ qazanıb. Qabiliyyət imtahanında iştirak edən 163 abituriyentdən 57 abituriyent "məqbul" qiymət alıb (178 abituriyent qabiliyyət imtahanında iştirak etməyib). Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. 

Müqayisə üçün bildirək ki, 2014-cü ildə "məqbul" qiymət alan abituriyentlərin sayı 51 (45 nəfəri Azərbaycan, 6 nəfəri rus bölməsi) idi.  

Qəbul imtahanında 600-dən çox bal toplayan abituriyentlər, ümumiyyətlə, qabiliyyət imtahanına gəlməyib, 500-600 intervalında bal toplayan abituriyentlərin isə cəmi 37%-i qabiliyyət imtahanında iştirak edib. Bu isə o deməkdir ki, yüksək nəticə göstərən abituriyentlər jurnalistika sahəsinə meylli deyillər.

Göründüyü kimi, TQDK-nın internet saytında və "Abituriyent" jurnalında jurnalistika ixtisasına qəbul olmaq istəyən şəxslər üçün ardıcıl olaraq məlumatlandırıcı və maarifləndirici materiallar (qaydalar, elanlar, mövzular, meyarlar və s.) təqdim edilib. Hesab edirik ki, aidiyyəti qurumlar da (müvafiq ixtisasın mövcud olduğu ali təhsil müəssisələri, kütləvi informasiya vasitələri və onların təmsil olunduğu qurumlar və s.) peşəyönümü istiqamətində sistemli iş aparmalıdırlar.

İmtahanda iştirak edən hər bir abituriyentin esselərinin qrafik təsvirləri nəticələr elan olunarkən TQDK-nın internet səhifəsində yerləşdirilib. "Məqbul" və "qeyri-məqbul" ilə qiymətləndirilmiş esselərlə Komissiyanın internet saytından tanış olmaq mümkündür.

Qeyd edək ki, TQDK-da abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10:00-dan 17:00-dək) apelyasiya komissiyası fəaliyyət göstərir. Apelyasiya komissiyasına imtahan nəticələri ilə bağlı cəmi 8 abituriyent müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi