Yuxarı

Terminologiya Komissiyasının sədr müavini: “Ruzigar”, “Peşiman”, “Əkbər-İmran” adlarının qoyulması üçün müraciətlər daxil olub”

“Adlarla bağlı məhkəməyə müraciət həddən artıq çoxdur”

“Adlarla bağlı məhkəməyə müraciət həddən artıq çoxdur”

Bakı. 18 fevral. REPORT.AZ/ "Azərbaycanda adların qoyulması nəzarət altındadır. Nazirlər Kabineti bununla bağlı xüsusi qərar hazırlayıb. Bu səbəbdən Nazirlər Kabineti yanında Terminologiya Komissiyası adların qoyulmasında müxtəlif çatışmazlıqlar hiss edəndə aradan qaldırır".

Bunu "Report"a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O xatırladıb ki, Azərbaycanda şəxs adları ila bağlı milli baza, milli adlar sistemi var: "Adlar sistemində tez-tez pozulma halları müşahidə olunur. Adların qoyulması üçün savadlanma, maariflənmə işi aparılması istiqamətində Terminologiya Komissiyası mühüm işlər aparır. Komissiya "ASAN xidmət" mərkəzlərində adlarla bağlı problemin aradan qaldırılmasına kömək məqsədilə 6 minə qədər adın əks olunduğu Azərbaycan dilində olan şəxs adlarının izahlı lüğətini hazırlayıb. Lüğətdə toplanan bütün adların mənaları var, bu da valideynlərə istiqamət verəcək".

Sədr müavininin sözlərinə görə, komissiyaya daha çox müxtəlif bölgələrdən rus dilinə, ingilis dilinə məxsus olan adlarla bağlı müraciət edirlər: "Bu kimi faktlar komissiyada tam şəkildə nizamlanır və onların qarşısı alınır. Ədliyyə Nazirliyinin və komissiyanın rəsmi saytındə olan adların əksəriyyəti milli adlardır. Valideynlər oradan seçim edə bilər. Orada elə adlar var ki, tarixən ərəb, fars dilindən alınıb, amma dilimizdə işləklik qazanıb, dilimizə uyğunlaşıb. Biz o adları alınma yox, daha çox dilin daxili imkanları hesabına yaranan adlar içərisində veririk".

S.Sadıqova qeyd edib ki, bu ilin yanvar ayında "Ruzigar", "Peşiman", "Kiara" adının qoyulması üçün müraciət edilib: "Bu adların ikisini komissiya ləğv edib. "Ruzigar" adının həm ad, həm də soyad kimi qoyulması üçün müraciət olunmuşdu, onun yalnız birinə icazə verildi".

Adlarla bağlı məhkəmə iddialarının qaldırılmasına münasibət bildirən sədr müavini bildirib ki, komissiyaya əsasən məhkəməyə müraciət edən şəxslərin ərizələri daxil olur: "Komissiyaya son dövrdə daha çox mürəkkəb adın körpəyə qoyulması ilə bağlı müraciətlər daxil olur. Məsələn, valideyn övladına "Əkbər-İmran" adını qoymaqla bağlı müraciət edib. Azərbaycan dilinin ədəbi dil normalarına görə ad mürəkkəb söz kimi yazılırsa, onun qoyulmasına icazə verilir. Amma ayrı yazılırsa, dil sisteminə ziddir, yəni olmaz".

O qeyd edib ki, adlarla bağlı məhkəməyə müraciət həddən artıq çoxdur: "Hər gün demək olar ki, adlarla bağlı məhkəməyə müraciət olunur. Hazırda ərəb-fars adlarını yenidən dilə gətirmək istəyirlər. Ancaq bu kimi hallara komissiya imkan vermir və verməyəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi