“Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması” mövzusunda beynəlxalq elmi konfrans keçirilib Nazir müavini: "Müstəqillik qazandıqdan sonra çətin də olsa ideoloji prosesdən çıxış yolu tapa bildik"
Elm və təhsil
5 Dekabr , 2014 11:37
“Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Bakıda “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. "Report" xəbər verir ki, konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov və müxtəlif xarici ölkələrin tanınmış alim və pedaqoqları iştirak edirlər.

Konfrans Azərbaycan Təhsil Problemləri İnstitutu, Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Çıxış edən Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov deyib ki, əsas məqsəd təhsilalanların mənəvi-əxlaqi inkişafı və şəxsiyyət kimi formalaşması sahəsində müasir tendensiyalar, mövcud qabaqcıl təcrübənin mübadiləsi və onun Azərbaycan təhsilinə inteqrasiyasıdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov isə bildirib ki, mənəvi tərbiyə hər zaman diqqət mərkəzində olub: "Sağlam düşüncəli gəncləri formalaşdırmaq cəmiyyətin ən mürəkkəb problemi kimi səciyyələndirilib. Sovetlər dönəmində insanlarımız ideoloji çərçivə mühitində yaşadığından vətəndaşlar özlərini bir şəxsiyyət kimi lazımi səviyyədə göstərə bilmirdilər, çünki buna imkan verilmirdi. Təbii ki, mövcud problem təhsil sahəsinə də öz mənfi təsirini göstərmiş olurdu. Müstəqillik qazandıqdan sonra çətin də olsa ideoloji prosesdən çıxış yolu tapa bildik".

Beynəlxalq konfransda əsasən müasir məktəbin tədris fəaliyyətində mənəvi-əxlaqi tərbiyə və dəyəryönümlü təhsil məsələlərinin həyata keçirilməsi, uşaqların və gənclərin mənəvi-əxlaqi tərbiyəsi və inkişafı sahəsində effektiv iş adamlarının yaradıcı pedaqoji təcrübəsi, təhsil müəssisələrində uşaqların və gənclərin mənəvi-əxlaqi tərbiyəsinin problemləri, perspektivləri və effektiv tərbiyə-təhsil sisteminin yaradılması və tətbiqi və digər məsələlər müzakirə olunub.

Konfransda gənc alim və mütəxəssislərin, tanınmış ziyalıların pedaqogikada humanist yanaşmanın bir çox müasir aspektlərini əhatə edən məruzələri dinlənilib. Toplu şəklində çap edilən konfrans materialları iştirakçılara paylanılıb.

Son xəbərlər

Orphus sistemi