Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyi ötən ilin hesabatını təqdim edib - FOTO

    Tədbir iştirakçılarına tədris ilinin yekunlarına həsr olunan hesabat jurnalı təqdim olunub

    Bakı. 14 iyul. REPORT.AZ/ Təhsil Nazirliyinin “Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı hesabat tədbiri keçirilib. 

    "Report"un məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, deputatlar, ali məktəblərin rektorları, QHT təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.

    Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi və əhatəliliyi ilə bağlı təqdimatında buraxılış imtahanlarının nəticələrinin ildən-ilə yaxşılaşdığını deyərək, 2012-ci il ilə müqayisədə bütün fənlərdən müsbət qiymət alanların faiz göstəricisinin 17 faiz artdığını bildirib. 

    E.Əmrullayev qeyd edib ki, son 3 ildə IX sinif buraxılış imtahanlarında bütün fənlərdən müsbət qiymət alan məzunların sayı 14 615 (30 faiz) nəfər artıb: "Ölkə üzrə əksər rayonlarda müsbət dinamika müşahidə edilməklə yanaşı, ən yüksək dinamika Təhsil Nazirliyinin pilot qaydada inkişaf tədbirləri keçirildiyi rayonlarda qeydə alınıb. Pilot rayonlarda orta hesabla 13 faiz, digər rayonlarda isə orta hesabla 1.6 faiz yaxşılaşma olub. Ən yüksək müsbət dinamika Astara (22 faiz), Ağcabədi (16 faiz), Sabirabad (14 faiz), Masallı (11 faiz) və Cəlilabad (9 faiz) rayonlarında müşahidə edilib.

    Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlərin önəmini qeyd edib, aparılan islahatların artıq müsbət nəticələrinin müşahidə olunduğunu deyib. O bildirib ki, möhkəm bünövrə əsasında qoyulan bu ənənə müsbət dəyişikliklərin ardıcıl olacağına əminlik yaradır.

    Tədbir iştirakçılarına tədris ilinin yekunlarına həsr olunan hesabat jurnalı təqdim olunub.

    Daha sonra tədbir mətbuata qapalı keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi