Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyi: Azərbaycanda əmək haqqı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq

    Bu ilin noyabr-dekabr aylarında 26 rayonda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

    Bakı. 17 oktyabr. REPORT.AZ/ 2016-cı ilin noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhərində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

    Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, diaqnostik qiymətləndirmədə Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan, Nefçala, Qusar, Quba, Siyəzən, Şabran, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy və Şuşanın ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlər və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.

    Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq, eləcə də həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

    Qeyd edək ki, keçən il diaqnostik qiymətləndirmə keçirilən rayon və şəhərlərdə çalışan və müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək məqsədilə şərait yaradılacaq.

    Ötən 2 il ərzində Bakı şəhərində və ölkənin 12 bölgəsində dövlət ümumi təhsil müəssisələrində çalışan 60 min nəfərə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib və onların həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb.

    Növbəti diaqnostik qiymətləndirmədən sonra əmək haqqı artırılan müəllimlərin sayının 100 minə çatacağı nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi