Yuxarı

Təhsil naziri "Xüsusi hallar barədə məlumatların verilməsi haqqında" əmr imzalayıb

Əmrdə xüsusi halların siyahısı yer alıb

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Xüsusi hallar barədə məlumatların verilməsi haqqında" əmr imzalayıb. "Report" xəbər verir ki, əmrə əsasən Təhsil Nazirliyinin (TN) struktur qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri xüsusi hallar haqqında dərhal telefonla, sonradan isə yazılı formada TN-ə məlumat verilməsini təmin etməlidirlər.

Xüsusi hallara bunlar daxildir:

- təbii fəlakət, yanğın, digər fövqəladə hadisələr;

- təhsil işçiləri tərəfindən cinayət hadisələrinin törədilməsi, o cümlədən korrupsiya hüquq pozuntularına yol verilməsi və ya təhsil müəssisəsində (onun ərazisində) törədilmiş cinayət hadisələri;

- hüquq-mühafizə orqanlarının təhsil müəssisələrində əməliyyat-axtarış fəaliyyətini həyata keçirməsi, təhsil müəssisəsinə aid sənədlərin tələb olunması və ya götürülməsi;

- elektrik, istilik, su və qaz təchizatının dayandırılması və digər hallar nəticəsində normal fəaliyyətin pozulması;

- şagird və tələbələrin kütləvi zəhərlənməsi, epidemiya xarakteri alan xəstəliklər;

- təhsil müəssisəsinin ərazisində təhsilalanların və təhsil işçilərinin xəsarət alması;

- təhsil müəssisəsinin ərazisinin zəbt olunmasına cəhdlər;

- inzibati binaya, əsas vəsaitlərə, kitabxana fonduna ziyan dəyməsi, dövlət nümunəli və sair əhəmiyyətli sənədlərin, möhür və ştampların itirilməsi və ya oğurlanması;

- təhsil müəssisəsinin normal fəaliyyətinin pozulmasına səbəb olmuş hər hansı digər hadisələr.

Xüsusi hallar barədə məlumatlar Təhsil Nazirliyinin İnformasiya şöbəsinə (həftənin iş günləri 9:00-dan 18:00-dək TN-in "Qaynar xətt" xidməti - 146 telefon nömrəsinə, qeyri-iş vaxtları isə (051) 7601270) verilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi