Yuxarı

Təhsil naziri Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramında ediləcək dəyişiklikləri açıqlayıb

​Mikayıl Cabbarov: Xaricdə təhsillə bağlı ikinci proqrama ediləcək dəyişikliklər kosmetik xarakterli deyil

Bakı. 20 aprel. REPORT.AZ/ "Gənclərin xaricdə təhsili üzrə II Dövlət Proqramı"nda edilməsi nəzərdə tutulan dəyişikliklər kosmetik xarakter daşımır, bu, sırf strateji dəyişikliklərdir. Bununla bağlı məsələ aidiyyəti hökumət qurumları ilə razılaşdırılmalar və son yekun sənədlərin hazırlanmasını tələb edir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, "Gənclərin xaricdə təhsili üzrə I Dövlət Proqramı"nın (2007-2015) həyata keçirildiyi müddətdə 3500-dən artıq tələbə, magistr və doktorant bu proqram üzrə təhsil almaq hüququ əldə edib: "Proqramın icrası keçən il sona çatıb. Proqram qarşısında qoyulan əsas məqsədlərin bəziləri yerinə yetirilmiş kimi qəbul olunur. Bu, ilk növbədə ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatı üçün kadr hazırlığının tez bir zamanda həyata keçirilməsidir. Birinci proqram tətbiq olunduğu dövrdə tələbələrin əsas hissəsi bakalavr təhsil pilləsinə göndərilirdi. Bu, "Hər bir vətəndaş, ümumilikdə Azərbaycan üçün faydalı olmaqla yanaşı, gələcəkdə proqramın, eləcə də ölkənin ali təhsil sektorunun və universitetlərin səviyyəsinin, onların rəqabətliliyinin artırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə necə xidmət edə bilər" sualını ortaya qoyur".

M.Cabbarov deyib ki, gələcəkdə tətbiq olunması mümkün olan əsas yanaşmalardan biri proqramın fokusunun iki istiqamətdə dəyişdirilməsidir: "Bura bakalavrlardan daha çox, magistr və doktorant səviyyəsində təhsilə göndərilən, artıq müəyyən nailiyyətlərə imza atan namizədlərə üstünlüklərin verilməsi aiddir. Bakalavrlar yalnız nadir hallarda xaricə göndərilə bilər. Yəni seçilən ixtisas Azərbaycanda tədris olunmadığı halda, bakalavrlar xaricə göndərilə bilər. Çünki Azərbaycanda bu sahədə bir çox irəliləyişlər əldə olunub. Digər yenilik və istiqamət ölkənin aparıcı universitetlərinə xaricdən professor və müəllimlərin cəlb edilməsidir. Strateji məqsəd öz milli təhsil sistemimizin ənənələrinə əsaslanaraq onu sürətli şəkildə müasirləşdirmək və dəyişiklikləri mümkün qədər qısa müddətdə rəqabətli etməkdir".

O qeyd edib ki, ali təhsilin beynəlmiləlləşməsi adi prosesdir: "Ona görə də milli təhsilimiz bu sahədə geridə qalmamalıdır. Burada söhbət proqramın ləğvindən deyil, onun resurslarından müfəssəl, planlaşdırılmış və düşünülmüş şəkildə daha faydalı istifadə etməkdən gedir. Təbii ki, proqrama edilməsi nəzərdə tutulan dəyişikliklər kosmetik xarakter daşımır, bu, strateji dəyişikliklərdir. Bununla bağlı aidiyyəti hökumət qurumları ilə razılaşdırılmalar və son yekun sənədlərin hazırlanmasını tələb edir".

Nazir deyib ki, proqram xaricdə təhsil almaq üçün yeganə alət deyil: "Çünki Azərbaycanın bir çox xarici ölkələrlə ikitərəfli müqavilələri mövcuddur. Dövlət xətti ilə tələbələr həmin ölkələrin ali təhsil müəssisələrinə göndərilir. Bu il də həmin praktika davam etdiriləcək.

Xaricdə təhsil proqramının hər hansı bir kvota, məbləğlə ifadəsi olmayıb. Bu da layihənin dizaynı ilə üst-üstdə düşmür. Proqramın maliyyələşdirilməsi məsələsinə gəlincə, bu, son qərarda öz əksini tapacaq. Bu gün də Dövlət Neft Fondu xaricdə təhsilini davam etdirən 1500-dən çox tələbənin ödənişlərini vaxtlı-vaxtında ödəyir. Bu nöqteyi-nəzərdən heç bir problem və çətinlik yoxdur. Əlavə mənbələr hər zaman ola bilər. Belə hal istisna deyil. Mənbələri müzakirə etməkdən daha çox, proqramın dizaynını müzakirə edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi