Təhsil naziri ali məktəblərdə imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb

Təhsil naziri ali məktəblərdə imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müvafiq tədbirlər görüləcək
Elm və təhsil
16 Dekabr , 2015 14:45
Təhsil naziri ali məktəblərdə imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ali məktəblərdə imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Əmrə əsasən, ali təhsil müəssisələrində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyası mövcud qaydalara uyğun təşkil ediləcək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müvafiq tədbirlər görüləcək.

Əmrə əsasən, ali təhsil müəssisələrinin rəhbərləri imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməli, rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etməlidirlər.

Əmrdə qeyd olunub ki, rektorlar imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol verən şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görməlidirlər. Onlar nəzərə almalıdırlar ki, rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar.

Əmrdə Elm və ali təhsil və Daxili nəzarət şöbələrinin ali təhsil müəssisələrində imtahan sessiyasının monitorinqini təşkil etməli olduqları da yer alıb. 

Son xəbərlər

Orphus sistemi