Yuxarı

Sədaqət Qəhrəmanova: "Cəmiyyətdə psixoloji gərginliyin hökm sürməsini nəzərə almaq lazımdır"

Hər hansı bir vəzifəli şəxsin mənəvi-əxlaqi dəyəri istənilən səviyyədə deyilsə, o zaman hansısa uğura nail ola bilmərik

Bakı. 5 dekabr. REPORT.AZ/ “Cəmiyyətin mənəvi tərbiyəsi ailədən başlayır, məktəbdə davam edir və cəmiyyətdə öz təzahürünü tapır”. "Report" xəbər ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Təhsildə mənəvi-əxlaqi dəyərlər : harmonik şəxsiyyətin formalaşması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Azərbaycanda insan faktorunun çox önəmli olduğunu söyləyən sədr müavininin fikrincə, yeni nəsil elə bir səviyyədə olmalıdır ki, onlar yaşlı nəslin qurub-yaratdıqlarını qoruyub saxlaya bilsin. Onun sözlərinə görə, bu gün cəmiyyətdə psixoloji gərginliyin hökm sürməsini nəzərə almaq lazımdır.

"Bu gün gender bərabərliyindən, cəmiyyəti idarə edən kişi-qadın münasibətlərindən, həmçinin onların hüquqlarından danışırıqsa, deməli təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü - humanist yanaşma çox önəmlidir. Bu mövzu tək Azərbaycan üçün deyil, eləcə də bütün dünyanı düşündürən məsələdir”, - S.Qəhrəmanova əlavə edib.

O, həmçinin deyib ki, bu gün cəmiyyətdə baş verən bütün münaqişə və problemlərin mənbəyi yeni insanın formalaşmasından qaynaqlanır: “Bu gün hər hansı bir vəzifəli şəxsin mənəvi-əxlaqi dəyəri istənilən səviyyədə deyilsə, o zaman hansısa uğura nail ola bilmərik. Buna görə də təhsildə mənəvi, psixoloji dəyərlərə diqqət yetirilməsi vacib məsələdir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi