Nazir: "Təsdiqlənən məktəbli formalarının seçimi ilə bağlı heç bir məhdudiyyət qoyulmayacaq"

Nazir: "Təsdiqlənən məktəbli formalarının seçimi ilə bağlı heç bir məhdudiyyət qoyulmayacaq" Hər bir məktəb valideynlərlə birgə uyğun məktəbli formasını müəyyən edərək seçə bilər.
Elm və təhsil
27 Yanvar , 2020 12:31
Nazir: Təsdiqlənən məktəbli formalarının seçimi ilə bağlı heç bir məhdudiyyət qoyulmayacaq
Təhsil naziri Ceyhun Bayramov / Report / Sultana Ahmadbayli

"Hər bir məktəb valideynlərlə birgə uyğun məktəbli formasını müəyyən edərək seçə bilər".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, məktəblər üçün təsdiqlənmiş geyim formaları arasından hansısa birinin istifadə edilməsi ilə bağlı heç bir məhdudiyyət qoyulmayacaq: "Məktəbli formaları ictimai rəyə təqdim olunan nümunələrdən biri də ola bilər".

Nazir qış aylarında qızlar üçün şalvar geyimindən istifadənin mümkün olub-olmadığına gəldikdə isə deyib ki, hazırda aparılan ictimai müzakirənin də məqsədi ilkin hazırlanmış forma layihələrinə rəyin verilməsidir: "Əminliklə deyə bilərəm ki, bizə daxil olan rəylər əsasında həmin layihələrdə dəyişiklik olacaq və yeni təkmilləşmiş variant müzakirəyə çıxarılacaq".

C.Bayramov vurğulayıb ki, hazırda ümumtəhsil müəssisələrinin nümunəvi nizamnaməsində məktəb daxilində məktəbli geyimlərinin vahid olması qeyd edilib: "Ancaq bütün ölkə üzrə məktəbli formalarının vahid olması ilə bağlı hər hansı standart, norma mövcud deyil. Məsələyə sırf qanunvericilik baxımından yanaşılsa, belə çıxır ki, hər məktəbin özü geyim müəyyənləşdirə bilər. Ancaq hər bir məktəb özü üçün məktəbli forması seçərkən müəyyən gigiyena normalarına əməl edilməli, standartlar gözlənilməlidir. Reallıqda buna o qədər də ciddi əməl edilmir. Vahid məktəbli formasının tətbiqi ilə bağlı əsas məsələ düzgün çərçivənin, rahat, keyfiyyətli, standartlara uyğun olan geyim formasının müəyyən edilməsidir. Ona görə də "Təhsil haqqında" qanuna 2018-ci ildə edilən dəyişikliyə əsasən, dövlət məktəbli formalarının nümunələri təsdiq ediləcək və məktəblər də bu nümunələr sırasından seçim edə bilərlər. Təsdiq edilmiş dövlət nümunələri 3-5 növ ola bilər. Orada bütün tələblər qeyd edilir. Bunlar da, sözsüz ki, daha çox istehsalçılar üçündür. Onlar normalara ciddi əməl etməlidirlər".

Son xəbərlər

Orphus sistemi