Yuxarı

Azərbaycanda uşaqların məktəbəqədər təhsilə cəlbi 90 faizə çatdırılacaq

Ölkədə məktəbəqədər təhsil icbari hesab olunmur

Bakı. 14 mart. REPORT.AZ/ "Heç kimə sirr deyil ki, Azərbaycanda uşaqların məkətəbəqədər təhsilə cəlbi faizi digər ölkələrlə nisbətdə aşağıdır. Əlbəttə, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Ona görə də biz bu sahədə beynəlxalq təcrübəni öyrənməli və ölkəmizdə tətbiqini həyata keçirilməliyik". "Report"un məlumatına görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov Milli Məclisin Elm və təhsil komitəsinin "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması məqsədi ilə yaradılan işçi qrupunun tərkibinin təsdiq edilməsi ilə bağlı bugünkü iclasında çıxışı zamanı deyib.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda uşaqların məktəbəqədər təhsilə cəlbi 2020-ci ilə qədər 90 faizə çatdırılmalıdır: "Bu çox vacib məsələlərdən biridir. Ümumiyyətlə təhsilin keyfiyyətinin artırılmasında, xüsusilə də ibtidai təhsilin hamı üçün əl çatan olması və keyfiyyətinin səmərəliliyinin yüksəldilməsində məktəbəqədər təhsilin əhəmiyyəti müstəsnalıq kəsb edir. Ona görə də bu məsələ ciddi şəkildə gündəmdə olmalıdır".

O, həmçinin qeyd edib ki, uzun müddət məktəqədər təhsil eyni format əsasında qurulub: "Təhsilin bu sahədə başqa növlərinə ciddi diqqət yetirilməyib. Bəlkə də indi də bu tendensiya davam edir. Ancaq bölgələrdə və ucqarlarda məktəqədər təhsil müəssisələri hazırlığı lazımi səviyyədə təşkil edə bilmir. Ona görə də qanunda ayrı-ayrı məktəbəqədər təhsil növlərinin təsbit olunması çox vacibdir və bunun təşkili mexanizmləri göstərilməlidir. Misal olaraq, elə kəndlər var ki, orada məktəbəqədər təhsil müəssisəsinə cəlb olunan uşaqların sayı elə də çox deyil. Bunun üçün ayrı bir müəssisə yaratmaq və buna maddi vəsait ayırmağa ehtiyac da yoxdur. Əsas məqsədimiz uşaqların təhsildən kənar qalmamasıdır".

Azərbaycanda özəl bağçaların yaradılmasının vacibliyinə toxunan şöbə müdiri əlavə edib ki, bu məsələyə rəvac verilməlidir: "Şübhəsiz ki, məktəbəqədər təhsil müəssisələrinin müəssisə kimi fəaliyyət göstərməsi üçün tək bina şəraiti lazım deyil. Həmin binanın içərisində də təsdiq olunmuş standartlara uyğun iş getməlidir. Elə imkanlı şəxslər var ki, belə müəssisələr üçün müvafiq bina inşa edir. Təbii ki, həmin müəssisələr üçün də lisenziya alınmalıdır. Ona görə də belə bir məsələ ilə bağlı qanunda məhdudiyyət qoyulmamalıdır".

A.Əhmədov onu da vurğulayıb ki, ölkədə məktəbəqədər təhsil icbari hesab olunmur: "Burada valideynlərin qarşısına belə bir öhdəlikdə qoyulmur. Lakin bu məsələnin vacibliyi geniş şəkildə həm valideynlərə izah olunmalı, eyni zamanda uşaqların geniş cəlbi üçün məktəbəqədər təhsil müəssisələrində şərait olmalıdır. Bu məsələnin həlli də təbii ki, qanunda öz əksini tapmalıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi