Yuxarı

Şöbə müdiri: “Məktəbəhazırlıq qruplarının təşkili ilə bağlı rayonlara müəyyən tapşırıqlar verilib”

Aydın Əhmədov: “Bütün ölkəni əhatə edəcək bu qruplar Azərbaycan və rus bölməsində olacaq”

Bakı. 14 iyul. REPORT.AZ/ “Növbəti tədris ilindən başlayaraq Azərbaycanın orta məktəblərində 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları fəaliyyətə başlayacaq”.

“Report”un xəbərinə görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” qərarında nəzərdə tutulduğu kimi, bu proses müəyyən mərhələlərlə həyata keçiriləcək: “Qərar ilkin mərhələdə 2011-ci ildə doğulan və hazırda 5 yaşı olan uşaqlara şamil olunacaq”.

Bununla bağlı statistik göstəricilərin olduğunu deyən şöbə müdiri qeyd edib ki, məsələ ilə əlaqədar rayonlara müəyyən tapşırıqlar verilib: "İlk mərhələdə qrupların hansı məktəblərdə təşkil olunacağı, hansı müəllimlərin dərs keçəcəyi müəyyənləşdirilib. Suallardan biri ondan ibarətdir ki, bu məktəbəqədər müəssisələr məktəbəhazırlıq qruplarına təsir edəcəkmi? Qətiyyən etməyəcək və proses paralel olaraq gedəcək. Məktəbəqədər qruplar bütün uşaqları əhatə etmək iqtidarında deyildi. Amma hökumətin qərarı ilə artıq məktəblərdə dövlət büdcəsinin vəsaiti hesabına təşkil ediləcək məktəbəhazırlıq qruplar şagirdlərin əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq. Bütün ölkəni əhatə edəcək bu qruplar Azərbaycan və rus bölməsində olacaq”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi