"Maire Tecnimont Group"un sədri BANM-də olub

"Maire Tecnimont Group"un sədri BANM-də olub Tələbələrə sertifikatların təltif edilməsi mərasimi keçirilib
Elm və təhsil
2 İyun , 2017 12:12
Maire Tecnimont Groupun sədri BANM-də olub
BANM

Bakı. 2 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan V kurs tələbələri Amail Məmmədova, Riyad Baxşiyev və Sənan İbrahimov İtaliyanın "Maire Tecnimont Group" şirkətinin Azərbaycan üzrə nümayəndəliyi "Kinetics Technology" şirkətinin müəssisələrində təşkil olunan istehsalat təcrübəsi proqramını uğurla başa vurublar.

Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, bununla əlaqədar təhsil müəssisəsində tələbələrə sertifikatların təltif edilməsi mərasimi keçirilib.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov, "Maire Tecnimont Group"un sədri Fabrizio di Amato, şirkətin icraçı direktoru Perroberto Folgiero, Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Canni Bardazzi, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Karlo Nicolais, o cümlədən "Kinetics Technology" şirkətinin kommersiya məsələləri üzrə vitse-prezidenti Andrea Vena, Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern, İnsan resursları üzrə meneceri Aida Bəşirova və ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

E.Qasımov qeyd edib ki, tələbələrin təcrübə əsasında qazandıqları bilik və bacarıqlar onların gələcək karyerasında mühüm rol oynayacaq.

F.Amato bildirib ki, bu proqram təhsil və özəl sektor arasında əməkdaşlığın bir nümunəsidir. O, təmsil etdiyi qurumun "Kinetics Technology" şirkəti vasitəsi ilə bu kimi ikitərəfli əməkdaşlığa böyük önəm verdiyini qeyd edib: "Bizim şirkətimizin əsas məqsədlərindən biri də professional səviyyəni yüksəltmək və uzunmüddətli əlaqələr yaratmaqdır. Bu isə yalnız gələcək nəsillərə investisiya qoyulmasından, şirkətlər və universitetlər arasında effektiv əlaqələrin yaranmasından asılıdır. BANM-in tələbələri şirkətimizdə istehsalat təcrübəsi keçərək öz biliklərini inkişaf etdirməklə yanaşı, beynəlxalq komandamıza inteqrasiya da ola bildilər”.

Qeyd edək ki, sözügedən proqram BANM və İtalyanın "Maire Tecnimont Group" şirkəti arasında 2016-cı il oktyabrın 19-da imzalanmış əməkdaşlıq haqqında razılaşma çərçivəsində həyata keçirilir. Proqram 17 həftə ərzində davam edib və tələbələr şirkətin müxtəlif şöbələrində təcrübə keçərək texniki biliklərə yiyələnməklə yanaşı, real problemləri həll etməyi öyrənib, liderlik bacarıqları, kommunikasiya bacarıqları, müqavilələrin idarəolunması kimi istiqamətlərlə tanış olublar. Bu təcrübə onlara tikinti ərazisində (Sumqayıt) və şirkətin filialında təcrübə keçməklə "Kinetics Technology" kimi qlobal şirkətdə bacarıqlarını inkişaf etdirməyə imkan yaradıb.  

Son xəbərlər

Orphus sistemi