Dövlət Dil Komissiyasının üzvü: "Reklam dilinə dair elmi əsərlərin yox dərəcəsində olması dilçi alimləri düşündürməlidir"

Dövlət Dil Komissiyasının üzvü: "Reklam dilinə dair elmi əsərlərin yox dərəcəsində olması dilçi alimləri düşündürməlidir" Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı fərmanı reklam siyasətinə də yenidən baxmağı tələb edir.
Elm və təhsil
7 Noyabr , 2018 11:08
Dövlət Dil Komissiyasının üzvü: Reklam dilinə dair elmi əsərlərin yox dərəcəsində olması dilçi alimləri düşündürməlidir
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 7 noyabr. REPORT.AZ/ "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı fərmanı reklam siyasətinə də yenidən baxmağı tələb edir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, müstəqil dövlətimizin yeni dil siyasətinin tələbləri baxımından "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa da yenidən nəzər salınmalı, münasib dəyişikliklər edilməlidir: "Monitorinq Mərkəzinin reklam məsələlərini diqqət mərkəzində saxlaması günümüzün ən zəruri vəzifələrindəndir. Reklam işinin təşkilinə, bütövlükdə, necə deyərlər, reklam dilinə dair elmi əsərlərin də yox dərəcəsində olması dilçi alimlərimizi düşündürməlidir".

"Ümumiyyətlə, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı Prezident fərmanı çağırış xarakterli mühüm dövlət sənədidir. Bu fərman Azərbaycan ziyalılarını, dilçi alimləri və müəllimləri, filoloqları dövlət dilinin - ana dilinin qorunmasına və daha da inkişaf etdirilməsinə, dildən istifadənin müasir tələblər səviyyəsinə qaldırılmasına təkan verən və meydan açan konkret və aydın bir strategiyanı dolğun surətdə ifadə edir. Bütövlükdə bu, dövlət dilinin saflığının qorunmasına, daxili imkanlar hesabına zənginləşdirilməsinə, nitq mədəniyyətinin təkmilləşdirilməsinə dövlət qayğısını tam ifadə edir.

Müstəqil Azərbaycan dövlətinin ana dilinə - dövlət dilinə qayğısı azərbaycançılıq ideologiyasının daha da yetkin ifadəsinə və zənginləşdirilməsinə, ümummilli ideyalarla müstəqil dövlətçilik strategiyasının üzvi surətdə əlaqələndirilməsi yolu ilə ölkəmizdə milli şüurun və müstəqil dövlətçilik təfəkkürünün birgə və bariz surətdə səsləşməsinə işıq salır.

Mühüm siyasi-ideoloji xarakterə və ümummilli mahiyyətə, elmi-praktik əhəmiyyətə malik olan bu fərman yeni vətənpərvər nəsillərin yetişib hazırlanmasına, azərbaycançı qüvvələrin daha geniş və sistemli şəkildə formalaşdırılmasına meydan açır. İnam var ki, Azərbaycan ziyalıları, ölkəmizin humanitar sahədə çalışan dilçi alimləri, müəllimləri bu fərmandan irəli gələn ümummilli vəzifələri yüksək səviyyədə həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edəcəklər", - o bildirib.

Son xəbərlər

Orphus sistemi