Yuxarı

AMEA-nın Dilçilik İnstitutu dövlət qurumlarına müraciət edib

Küçə adları və reklam mətnləri mərhələlərlə Dilçilik İnstitutunun Monitorinq şöbəsinə göndərilərək mütəxəssislər tərəfindən yoxlanılır

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu reklamların mətnlərində dil normalarının gözlənilməsi üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə və yerli icra hakimiyyətlərinə əməkdaşlıqla bağlı müraciət edib. Bu barədə "Report"a Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli məlumat verib.

O bildirib ki, əgər razılıq əldə olunsa bu əməkdaşlıqlar Bakı şəhərində yanlış, dil qüsuru olan küçə adlarının, reklam, elan və digər bu yönümlü lövhələrin azalmasına səbəb olacaq: "Çünki lövhələr hazırlanmamışdan əvvəl dilçi mütəxəssislər həmin mətnin dil normalarına uyğun gəlib-gəlmədiyini yoxlayır və öz tövsiyələrini verir".

Şöbə müdirinin sözlərinə görə, son vaxtlar küçə adlarında Azərbaycan dilinin normalarının pozulması ilə bağlı problemlər qismən azalıb: "Çünki Dilçilik İnstitutu küçə adlarının yazılması ilə məşğul olan Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi və Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə müqavilə imzalayıb. Müqavilə imzalandığı tarixdən etibarən küçə adları və reklam mətnləri mərhələlərlə Dilçilik İnstitutunun Monitorinq şöbəsinə göndərilərək mütəxəssislər tərəfindən yoxlanılır və mərkəzə göndərilir. Bundan sonra adların və reklamların istehsalına başlanılır".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi