Yuxarı
    Bağlamaq

    DİM Vəkillər Kollegiyasına üzv olmaq üçün keçirilən test imtahanı ilə statistik məlumatları açıqlayıb

    Bakı. 9 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyasına üzv olmaq üçün keçirilən test imtahanında iştirak edən namizədlər və onların imtahan nəticələri haqqında bəzi statistik məlumatları açıqlayıb. 

    DİM-dən "Report"a verilən məlumata görə, namizədlərin 11,5%-i xarici, 88,5%-i yerli ali təhsil müəssisələrində təhsil almış şəxslərdir.

    İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərdən müxtəlif illərdə DİM (keçmiş TQDK) tərəfindən ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak edərək yalnız bakalavriat və ya bakalavriat və magistratura səviyyəsinə qəbul olanların sayı 985 nəfər olub. Bu kateqoriyaya aid olan iştirakçılardan 455 nəfər (46%) müsabiqə şərtini ödəyərək 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə, müsahibəyə buraxılıb.

    Vəkillər Kollegiyasına üzvlüyə qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçən, lakin DİM-in (TQDK-nın) keçirdiyi qəbul imtahanlarında iştirak etməyən namizədlərin sayı 669 nəfər olub. Bu namizədlər əsasən 1950/60/70-ci illərdə doğulan və ya xaricdə yerləşən ali təhsil müəssisələrini bitirmiş şəxslərdir. Bu kateqoriyaya aid namizədlərdən imtahanda uğur qazananların sayı 105 nəfər (16%) olub.

    İmtahanda iştirak edən namizədlər sırasında DİM (TQDK) tərəfindən ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak edərək heç bir ali təhsil müəssisəsinə qəbul olmayan namizədlər də var. Bu namizədlər əsasən əvvəlki dövrlərdə ali təhsil müəssisələrinin daxili əmrləri ilə universitetə qəbul olunan, köçürülən və ya xaricdə təhsil alan şəxslərdir. Bu kateqoriyaya aid olan 312 namizəddən yalnız 15%-i, 47 nəfər Vəkillər Kollegiyasına üzvlüyə qəbul imtahanda uğur əldə edə bilib.

    Beləliklə, DİM-in (TQDK-nın) keçirdiyi qəbul imtahanlarında iştirak edərək ali təhsil müəssisələrinə qəbul olan namizədlərin təqribən yarısı, digər iki kateqoriyaya aid olan namizədlərin isə 15%-i Kollegiyaya üzvlüyə qəbul imtahanında müsbət nəticə göstərib.

    Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçmişdir. 93 namizəd imtahana gəlməmişdir. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi