Yuxarı

Bu il üçün baş verəcək sonuncu Günəş və Ay tutulmalarının vaxtları məlum olub

Tam Ay tutulması fazası isə 1 saat 11 dəqiqə 55 saniyə davam edəcək

Bakı. 22 iyul. REPORT.AZ/ Bu il üçün baş verəcək sonuncu Günəş və Ay tutulmalarının vaxtları məlum olub. Bu barədə "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.

E.Babayevin sözlərinə görə, bu il 4 tutulma ilə yadda qalacaq: "İlin sonunadək daha iki tutulma hadisəsi baş verəcək. Bunlardan biri 13 sentyabrda gözlənilən qismən Günəş tutulması, digəri isə 28 sentyabrda baş verəcək tam Ay tutulmasıdır. Sadə dildə desək, Günəş tutulması zamanı Ay Yerlə Günəş arasından keçir və nəticədə Yerdəki müşahidəçi üçün Günəş tam və ya qismən olaraq görünmür. Yer səthində Ayın "qaçan" kölgəsinin eni 250 km-dən çox ola bilər".

O bildirib ki, sentyabrın 13-də qismən Günəş tutulması Yerin cənub qütbünə və yaxın ərazilərdə baş verəcək: "Bu zaman Ayın kölgəsinin mərkəzi digər geniş ərazilərə düşməyəcək. Bu tutulma Bakı vaxtı ilə 09:40-da başlayacaq və 14:05-də başa çatacaq. Saros Tsiklinin 125-cisi olan 13 sentyabr Günəş tutulmasının maqnitudu 0.788 (maximum 1-ə bərabər olur) olacaq və maksimum tutulma Bakı vaxtı ilə 11:55:19-da baş verəcək".

Tutulmanın Azərbaycandan müşahidə edilməyəcəyini deyən direktor müavini əlavə edib ki, bunu Antarktikada (maksimum), həmçinin Afrikanın cənub hissələrində və Hind Okeanı ərazilərində müşahidə etmək mümkün olacaq (əlverişli hava şəraiti və müvafiq ekspedisiya olduqda): "Bu, adi Günəş tutulmalarından biri olacaq. Çünki bu həm elmi baxımdan bir az maraqsızdır (qismən tutulma olduğu üçün), həm də müşahidə etmək üçün əsas etibarilə əlverişsiz yerlərə (okean, buzlu qitə və s.) düşür. Heç də hamı onu müşahidə edə bilməyəcək".

Rəsədxana rəsmisi qeyd edib ki, sentyabrın 28-də baş verəcək tam Ay tutulması isə maraqlı olacaq: "Bu, cari ildəki 2 tam Ay tutulmasından sonuncusudur. Maraqlıdır ki, bu Ay tutulması keçən ilin aprelin 15-də, oktyabrın 8-də və aprelin 4-də baş verən və 2014/2015-ci illərin tetrad deyilən tsiklinin (dörd ardıcıl tam Ay tutulma seriyası) sonuncusudur. Digər maraqlı fakt isə odur ki, "Məhsul Ayı" ("Harvest Moon"; payız gecə-gündüz bərabərliyi günündən əvvəl baş verdiyinə görə belə adlanır) adlanan bu Ay 2015-cü ilin "Super-Ay" vəziyyətində, yəni Yerə ən yaxın olan və çox iri görünən vəziyyətində baş verəcək".

O, həmçinin vurğulayıb ki, Ay tutulması 05:11-də başlayacaq və 10:22-də bitəcək (cəmi 5 saat 11 dəqiqə olmaqla): "Tam Ay tutulması fazası isə 1 saat 11 dəqiqə 55 saniyə davam edəcək. Bu faza Bakıda Ay batan anında baş tutacaq. Maksimal tutulma fazası 07:31-də başlayacaq və 07:34-də isə Ay batmağa başlayacaq. Bu gözəl təbiət hadisəsini insanlar əsasən Şimali və Cənubi Amerikada, eləcə də Afrika qitəsinin qərbində və qismən də Avropanın ən qərbində tam şəkildə müşahidə edə biləcəklər.

Bəzən bu maraqlı təbiət hadisəsini "qanlı Ay" da adlandırırlar. Buna səbəb Günəş tutulmasından fərqli olaraq, Ay tutulmasında Ayın səthinin tünd kül rəngdən qırmızımtıl rəngə boyanmasıdır. Bu, işıq şüalarının əlavə olaraq səpilməsi nəticəsində meydana çıxır. Ona görə də Ayın səthi müşahidə olunarkən qırmızı rəngə boyanır. Bu səbəbdən də qədimdən Ay tutulması müşahidə olunarkən hansısa qorxunc hadisənin ilkin əlaməti kimi qiymətləndirirdilər. Lakin müasir dövrdə bunun səbəbi elmə və əksər insanlara məlumdur. Ay tutulmasının insan orqanizminə bilavasitə mənfi təsiri yoxdur. Bu, yalnız bəzi insanlara psixoloji təsir göstərə bilər ki, müəyyən müddət ərzində Ayın səthi qırmızımtıl rəngə boyanır. Bu isə sırf astronomik hadisə olduğundan hər hansı bir mənfi təsirdən söhbət gedə bilməz. Hətta Günəş tutulması elmi cəhətdən Ay tutulmasından daha çox informasiya verir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi