Yuxarı
    Bağlamaq

    BANM ilə Tümen Sənaye Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

    Tümen Sənaye Universitetinin rektoru BANM-də olub

    Bakı. 3 noyabr. REPORT.AZ/ Rusiyanın Tümen Sənaye Universitetinin rektoru Oleq Novoselov, universitetin marketinq idarəsinin rəisi Valeriy Qut, Tümen Vilayət Dumasının deputatı, Rusiyada bizneslə məşğul olan Azərbaycan əsilli iş adamı Eduard Ömərov Bakı Ali Neft Məktəbində (BANM) olublar.

    Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Görüşdə həmçinin SOCAR-ın Ekologiya idarəsinin rəis müavini professor Əflatun Həsənov iştirak edib.

    BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin yaradılması tarixindən, onun qısa müddətdə əldə etdiyi nailiyyətlərdən, tədris prosesinin təşkili və neft-qaz sənayesi üçün yüksək ixtisaslı mühəndislərin hazırlanması üçün burada yaradılan şəraitdən söhbət açıb. O, BANM-in daima genişlənən beynəlxalq əməkdaşlığı, böyük şirkətlərlə və dünyanın aparıcı ixtisaslaşmış universitetlərilə əlaqələrin yaradılması haqqında qonaqları məlumatlandırıb və Tümen Sənaye Universitetinin tələbələrini tanışlıq məqsədi ilə BANM-ə səfər etmək təklifini irəli sürüb.

    Tümen Sənaye Universitetinin rektoru Oleq Novoselov BANM-lə qarşılıqlı fayda gətirə biləcək əməkdaşlığın başlanmasına marağını bildirib. O, həmçinin Tümen Sənaye Universitetinin tarixi, tədris proqramları və TSU-nun Rusiya və xarici ölkələrin neft-qaz sektorunda fəaliyyət göstərən müəssisələri ilə əməkdaşlığından bəhs edib.

    Görüş çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Tümen Sənaye Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında birgə fəaliyyəti, birgə forum və konfransların təşkilini və elmi-tədqiqat layihələrinin həyata keçirilməsini, o cümlədən konkret fəaliyyət sahələri üzrə tədris və elmi materialların mübadiləsini əhatə edir.

    Xatırladaq ki, Tümen Sənaye Universiteti Rusiyanın ən böyük elmi-tədris komplekslərindən biri hesab olunur və burada orta-ixtisas və ali təhsildən (bakalavriat və magistratura) başlayaraq, aspirantura, doktorantura, eləcə də ixtisasartırma və yenidənhazırlanma daxil olmaqla təhsilin bütün pillələrində tədris həyata keçirilir.   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi