Bakıda şagirdin intihar etməsi ilə bağlı konfrans keçirilib

Bakıda şagirdin intihar etməsi ilə bağlı konfrans keçirilib Azərbaycan Mətbuat Şurası “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirib.
Elm və təhsil
11 Aprel , 2019 16:27
Bakıda şagirdin intihar etməsi ilə bağlı konfrans keçirilib

Azərbaycan Mətbuat Şurası “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirib.

"Report" xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Təhsil Nazirliyinin nümayəndələri, deputatlar, QHT və KİV rəhbərləri iştirak edib.

Ə.Amaşov bildirib ki, mətbuatda Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan Elina Hacıyevanın intiharı ilə bağlı çox sayda xoşa gəlməyən məlumatlar, şaiyələr yayılıb: "Guya təcili yardım gec çağırılıb, yaxud da məktəbdə ona diqqət ayrılmayıb deyə belə adım atıb. Ona görə də bu kimi məlumatları cəmiyyətə çatdırarkən diqqətli olmaq lazımdır. Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanları lazımi addımlar atır və yekun nəticələr də ictimaiyyətə çatdırılır".

Deputat Fazil Mustafa qeyd edib ki, bir direktoru və ya müəllimi günahkar kimi göstərmək yanlışdır: "Bu məsələdə əsas hədəf cəmiyyət götürülməlidir. Hadisə məktəbdə baş verdiyindən insanlar əsas yükü ora yönəldir. Məktəblərdə, həqiqətən də, bir çox problemlər mövcuddur. Lakin intihar hallarını bütövlükdə məktəblə əlaqələndirmək düzgün deyil. İntiharların əsas qaynağı cəmiyyətin içərisində olan düşüncələrdir. Bəzən müəllim valideynin qorxusundan hər hansı irad bildirə bilmir. Çünki sonradan günahkar olur. Ona görə də ilk olaraq cəmiyyət arasında bu sahədə olan problemi tapıb onu həll etməyə çalışmalıyıq".

Professor Şahlar Əsgərov deyib ki, son zamanlar Azərbaycanda xalqın dəyərlər sisteminə qarşı ciddi hücumlar var: "Bununla da insanların məhvinə gətirib çıxarırıq. Məktəb direktorları İctimai Şura qarşısında hesabat versələr daha yaxşı olar. Direktor şagirdlər arasında heç bir fərq qoymamalıdır".

Deputat 295 nömrəli məktəbin direktori Dilarə Cəbrayılova vurğulayıb ki, sosial şəbəkələrdə məktəbin adının bu qədər hallandırılması mənfi haldır: "Hələ araşdırmanın nəticəsi məlum olmadan fikir bildirmək düzgün deyil. Baş verən hadisələrə nəzər yetirsək, müəllim-valideyn-şagird münasibəti düzgün qurulmayıb. Orada psixoloq işi təşkil olunmayıb. Dəfələrlə təklif etmişəm ki, məktəblərdə psixoloq ştatını artırmaq lazımdır".

Tədbirdə çıxış edən deputat Aydın Mirzəzadə vurğulayıb ki, bir çox sahələrdə olan boşluqlar zəncir halında birləşərək intiharın baş verməsinə səbəb olur. O bildirib ki, bu boşluqlar araşdırılmalıdır və aradan qaldırılmalıdır. Deputat deyib ki, müəyyən bir hissə də var ki, bu hadisədən ajiotaj yaratmaq, müxtəlif strukturları ittiham etmək üçün istifadə edir. Eyni zamanda bundan hansısa siyasi maraq güdənlər də var. Deputat bildirib ki, istintaq başa çatmamış, məsələnin bütün tərəfləri öyrənilməmiş cəmiyyətdə qıcıq yaradan informasiyalar yaymaq doğru deyil: “Sosial şəbəkə iştirakçılarına çağırış edirəm ki, bu cür informasiyaların gənclərə nə cür təsr edə biləcəyini bir daha düşünsünlər”.

"Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva bu cür hadisələrin baş verməməsi üçün valideyin-məktəb münasibətləri düzgün qurulmalıdır: “Hər birimiz valideynik, övladlarımız bizim canımızdır. Bu gün belə halların baş verməsinin səbəblərindən biri də ailələrin məktəblə düzgün ünsiyyətdə olmamasıdır. Məktbət direktoru ilə valideyin eyni məsuliyyət daşıyır. Valideynlər istəyirlərsə ki, övladları düzgün tərbiyə olunsun, heç olmasa həftədə bir dəfə məktəbə getsinlər. Məktəb və ailə sıx birləşməlidir. Uşaq deyəndə ki, müəllim mənə bu sözü dedi, valideyın müəllimin üstünə getməməlidir, məsələnin mahiyyətini öyrənmək lazımdır. Əgər istəmiriksə bu cür hallar baş verməsin, daim direktorla, sinif rəhbərləri ilə ünsiyyətdə olmalıyıq. Ailə, məktəb və şagird üçbucağı düzgün qurulmalıdır. Eyni zamanda övladlarımızın məktəbdən kənarda nə işlə məşğul olduğundan, sosial şəbəkələrdə kimlərlə dostlaşdığından xəbərdar olmalıdıyq. Uşaq, valideyin və müəllim dost olmalıdır”.

Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi