Yuxarı

​Bakı Slavyan Universiteti Auqsburq Universiteti ilə əməkdaşlığa imza atıb

”Almaniya ilə Azərbaycan arasında elm sahəsindəki əlaqələr gündən-günə möhkəmlənir

Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün Bakı Slavyan Universiteti və Almaniyanın Auqsburq Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanması ilə bağlı tədbir keçirilib. 

BSU-dan "Report"a verilən məlumata görə, mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev müqavilənin mahiyəti və universitetdə yeni fəaliyyətə başlamış Germanşünaslıq İnstitutu barədə danışıb. Rektor BSU-da alman filologiyası üzrə kadr hazırlığı, universitetdə yeni açılan Multikulturalizm kafedrası, habelə Almaniyada, o cümlədən Azərbaycanda keçirilən elmi seminarlar haqqında məlumat verib.

BSU-nun fəxri professoru Zieglinde Hartmann öz çıxışında uzun illərdən bəri əməkdaşlıq etdiyi Bakı Slavyan Universiteti barədə xoş təəssüratlarını mərasim iştirakçıları ilə bölüşüb. Xanım Hartmann Azərbaycana ezam olunduğu üçün Alman Akademik Mübadilə Xidmətinə (DAAD) dərin minnətdarlığını bildirərək deyib: ”Almaniya ilə Azərbaycan arasında elm sahəsindəki əlaqələr gündən-günə möhkəmlənir. Düşünürəm ki, elmin yüksək səviyyədə inkişafı məhz qloballaşmadadır”.

Tədbirdə Almaniyanın Azərbaycandakı səfirinin birinci müavini və mədəniyyət işləri üzrə attaşesi cənab Volfqanq Mössinger, Auqsburq Universitetinin professoru Klaus Volf Almaniya və Azərbaycanın siyasi, iqtisadi, mədəni əlaqələrindən danışıblar. Qonaqlar Bakı və Auqsburq şəhərlərini tarixi, həmçinin elmi aspektdən müqayisə edərək, hər iki şəhərin təhsil sahəsində inkişafını yüksək qiymətləndiriblər.

AMEA-nın həqiqi üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev BSU-nun Almaniya ilə yeddi il ərzində davam etdirdiyi əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Dövlət müşaviri çıxışında “Nibelunqlar nəğməsi” və “Kitabi-Dədə Qorqud” dastanın müştərək tədqiqi ilə bağlı danışıb, alman xalqı ilə Azərbaycan xalqının multikulturalizminin ortaq yöndə olduğunu vurğulayıb. Kamal Abdullayev eyni zamanda Xocalı faciəsini bir daha yad edib, almaniyalı qonaqlara soyqırımda ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri, professor Azad Məmmədov xarici universitetlərdə multikulturalizmin ayrıca fənn kimi tədrisi barədə almaniyalı qonaqlara məlumat verib. O, eyni zamanda qeyd edib ki, BSU ilə Auqsburq Universiteti arasında yaradılan əməkdaşlıq multikulturalizmin Auqsburq Universitetində tədrisinə şərait yaradacaq.

Qeyd edək ki, BSU-nun fəxri professoru Zieglinde Hartmann rektor müşaviri vəzifəsinə təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi