Yuxarı

Bakı Ali Neft Məktəbinin tələbələri Azərbaycanı Çində təmsil ediblər

Tədbirdə qalib gələn iştirakçılara Azərbaycanı xarakterizə edən müxtəlif hədiyyələr təqdim olunub

Bakı. 3 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri - Fidan Səlim-zadə və Ümid Tərlanlı Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən "Gələcək neft-qaz mühəndislərinin forumu"nda iştirak ediblər. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in tələbəsi olan Fidan Səlim-zadə təqdimatla çıxış edərək təmsil etdiyi bölmə haqqında forum iştirakçılarını məlumatlandırıb. O, təhsil aldığı məktəbin fəaliyyətindən söz açaraq Ali Məktəbin beynəlxalq əlaqələri haqqında məlumat verib. O, həmçinin "SPE"nin digər bölmələrindən də söz açaraq, bu cəmiyyətin Azərbaycandakı ümumi fəaliyyəti haqqında məlumat verib.

Tələbələr forum çərçivəsində keçirilən müxtəlif yarışlarda iştirak ediblər, keçirilən "Neft-qaz mühəndisliyi üzrə bilik yarışı"nda BANM-i təmsil edən komanda yarımfinala vəsiqə qazanıb.

Forum çərçivəsində keçirilən "Mədəniyyət günü"ndə Azərbaycan təmsilçiləri Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, adət-ənənələri, musiqisi, incəsənəti, milli dəyərləri, həmçinin Azərbaycan mətbəxi haqqında geniş məlumat veriblər. 

BANM-in Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ümid Tərlanlı tədbir iştirakçılarına Azərbaycan haqda məlumat verərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda danışıb, Ermənistanın Azərbaycana qarşı qəsbkarlıq siyasətindən söz açıb. Bundan əlavə, o, Azərbaycanın qədim tarixi haqqında məlumat verib.

Tədbirin bədii hissəsində Ümid Tərlanlı Azərbaycan milli rəqsini nümayiş etdirib.

Tədbirdə, həmçinin Azərbaycan milli mətbəxinə aid müxtəlif nümunələr, şirniyyat təqdim olunub. 

Qeyd edək ki, tədbir zamanı xarici tələbələrə Azərbaycanla bağlı suallar verilib və qalib gələn iştirakçılara Azərbaycanı xarakterizə edən müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, BANM-in tələbələri tədbirə "SPE Azerbaijan"ın (Neft-qaz mühəndisləri cəmiyyəti) sponsorluğu ilə qatılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi