Yuxarı
    Bağlamaq

    Bakı Ali Neft Məktəbində tələbələrin 4-cü elmi-texniki konfransı keçirilir

    Konfransın yekun iclasında qaliblərə BANM tərəfindən sertifikat və hədiyyələr təqdim olunacaq

    Bakı. 20 aprel. REPORT.AZ/ Aprelin 19-da Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan tələbələrin 4-cü elmi-texniki konfransı başlayıb.

    Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbir aprelin 22-dək davam edəcək. 

    Konfransda BANM-in rəhbərliyi, professor-müəllim heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli və SOCAR-ın, o cümlədən Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələri iştirak edirlər. 

    Konfransın plenar iclasından öncə ümummilli lider Heydər Əliyevin Ali Məktəbin foyesindəki büstü önünə gül dəstələri düzülüb.

    Plenar iclası giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransın ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə böyük hörmət və ehtiramın ifadəsi olduğunu deyib. Rektor öz fəaliyyətində tədrisin elmlə vəhdətini təmin etməyi prioritet hesab edən Bakı Ali Neft Məktəbində tələbələrin elmi işlərə cəlb olunması üçün daim məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edib. 

    E.Qasımov elmi-texniki konfransların keçirilməsində məqsədin Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyasının banisi, ulu öndər Heydər Əliyevin şəxsiyyətinə və səmərəli fəaliyyətinə hörmət hisslərini nümayiş etdirmək, tələbələrə elmi araşdırmalar aparmaq, nəticələri təqdim etmək bacarıqlarını aşılamaq və onların arasında informasiya mübadiləsini təmin etmək olduğunu bildirib. Tələbələri elmi fəaliyyətə təşviq etmək məqsədilə bu ildən başlayaraq Bakı Ali Neft Məktəbində “İlin gənc tədqiqatçısı” müsabiqəsinin keçirildiyini deyən rektor ən fəal iştirakçıların gələcəkdə tədqiqatçı kimi magistratura və doktorantura səviyyələrində təhsillərini davam etdirərək BANM-in professor-müəllim heyətinin sırasına qoşulacaqlarına əminliyini ifadə edib.

    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli belə tədbirin keçirilməsinə görə BANM-in rəhbərliyini, kollektivini və tələbələri təbrik edib. İ.Həbibbəyli Tələbə elmi-texniki konfransının dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmasını təqdirə layiq hal hesab etdiyini bildirib. O, bu tədbirin tələbələrin peşəkar kadr kimi yetişmələri üçük əhəmiyyətli olduğunu vurğulayıb. 

    İ.Həbibbəyli BANM-də yeni nəsil kadr hazırlanması prosesində elm ilə dövlətçilik ideologiyasının vəhdətinin yüksək səviyyədə həyata keçirildiyini deyib. Konfransda beynəlxalq şirkətlərin heyətlərinin iştirak etməsini nəzərə çatdıran İ.Həbibbəyli bu tədbirin tələbələrin gələcək tərəfdaşları ola biləcək şirkətlərlə ünsiyyət qurması, peşəkar vərdişlərə yiyələnmələri üçün əlverişli imkan olduğunu bildirib. O, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının BANM ilə əməkdaşlıq etməyə, elmin inkişafı istiqamətində birgə işlər görməyə həmişə hazır və dəstək olduğunu deyib.

    Sonra konfransda iştirak edən şirkət rəhbərləri və nümayəndələri BANM-in rəhbərliyinə tədbirə dəvət aldıqlarına görə təşəkkürünü bildiriblər. Hər biri konfrans haqqında müsbət fikirlərini səsləndirib və BANM-də milli kadrların, gələcək mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq etməkdən məmnunluğunu ifadə ediblər.

    Konfransın plenar iclasında tələbələrin 7 seçilmiş məruzəsi dinlənilib. Ümumilikdə, konfransın gedişatında127 məruzə dinləniləcək.

    Növbəti günlərdə konfrans öz işini bölmələrdə davam etdirəcək. “Neft-qaz mühəndisliyi” bölməsinin iclasında 30, “Kimya mühəndisliyi” bölməsinin iclasında 42, “Fizika və riyaziyyat” bölməsinin iclasında 31 və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi ” bölməsinin iclasında 17 məruzə dinlənilib münsiflər tərəfindən qiymətləndiriləcək.

    Təşkilat Komitəsi tərəfindən formalaşan münsiflər heyətinin üzvləri ən maraqlı məruzələri təqdim edən iştirakçıları müəyyən edəcək.

    Konfransın yekun iclasında qaliblərə BANM tərəfindən sertifikat və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar, o cümlədən SOCAR, BP, Statoil, Total, Schneider Electric, Schlumberger, Emerson Process Management, ABB və Avandsis Group şirkətlərinin hədiyyələri təqdim olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi