Yuxarı

Bakı Ali Neft Məktəbində orduya dəstək aksiyası keçirilib - FOTO

Tələbələr vətənpərvər ruhda əsgər marşı oxuyub və Azərbaycanın üçrəngli bayrağını dalğalandırıblar

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin tələbələri cəbhədə aprelin 2-dən başlayaraq gedən şiddətli döyüşlərdə Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsi və hərbiçilərə dəstək münasibəti ilə orduya dəstək aksiyası keçiriblər.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycan əsgərlərinin Qarabağ uğrunda apardığı döyüşlərə dəstək məqsədilə tələbələr vətənpərvər ruhda əsgər marşı oxuyub və Azərbaycanın üçrəngli bayraqlarını dalğalandırıblar. Tələbələr “Yaşasın Azərbaycan əsgəri!”, “Var olsun vətənimiz! Xar olsun düşmənimiz!”, “İlhamla İrəli! Get qazan zəfərləri!” “Hər şey vətən üçün!”, “Şəhidlər ölməz! Vətən bölünməz!”, “Vətən sənə, canım fəda!”, ”Qarabağ bizimdir! Bizim olacaq!”, “Ordumuzla fəxr edirik!”, “Bir millət-iki Dövlət! Azərbaycan-Türkiyə!”, “Qarabağ üçün vuruşmağa ancaq Ali Baş Komandanın əmrini gözləyirik!” şüarlarıyla ordumuza dəstək nümayiş etdiriblər.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan kəndlərini, yaşayış məntəqələrini, hərbi mövqelərimizi şiddətli atəşə tutan Ermənistanın hərbi qüvvələrinə cavab olaraq Azərbaycan ordusunun son günlərdə düşmənə sarsıdıcı zərbələr vurduğunu, Azərbaycanın işğalda olan bir neçə yüksəklikliyinin ordu tərəfindən azad edildiyi və bununla böyük qürur hissi keçirdiyini bildirib. Rektor Elmar Qasımov qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu gün isə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində qurulan güclü ordumuzun qəhrəmanlıqları Azərbaycanı günü gündən qələbəyə aparır. Elmar Qasımov beynəlxalq təşkilatların çağırışlarına əməl qoymayan Ermənistanın dəfələrlə cəbhə xəttində təxribata cəhd göstərdiyini lakin Azərbaycan ordusu tərəfindən onlara layiqli cavab verildiyini deyib. O, bütün dünyanın Azərbaycanın haqlı mövqeydə olduğunu bildiyini deyərək Qarabağın tezliklə işğaldan azad olacağına və orada Azərbaycan bayrağının ucaldılacağına əminlik ifadə edib. Rektor Qarabağ uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini yad edərək, onların ruhunun şad olması vətorpaqlarımızın bütövlüyü naminə hər kəsi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyi, həmrəy, vətənpərvər ruhda və daima bir olmağa çağırıb.

Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov son günlərdə cəbhə xəttində yaşanan hadisələrdən böyük qürur hissi keçirdiyini, haqq səsimizi dünyaya çatdırmağa bacardığımızı və Azərbaycan xalqının doğma torpaqlarının erməni işğalçılarından azad etməyə hər an hazır olduğunu deyib. 

Orduya dəstək aksiyası tədbir iştirakçıların Azərbaycan himninin səsləndirilməsi və torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hər an hazır olduqları şüarları ilə başa çatıb.

Qeyd edək ki, ölkədə müşahidə olunan böyük ruh yüksəkliyi ərəfəsində Bakı Ali Neft Məktəbi xalqa həmrəy və orduya dəstək olaraq Azərbaycanın üçrəngli bayraqlarını Ali Məktəbin inzibati binasının bütün pəncərələrindən dalğalandırır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi