Yuxarı

Azərbaycanda institut direktorunun işdən çıxarılması üçün təqdimat verilib

AMEA Aqrar Elmlər Bölməsinin növbəti iclası keçirilib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aqrar Elmlər Bölməsinin növbəti iclası keçirilib. "Report" xəbər verir ki, gündəlikdə göstərilən məsələlərə əsasən RƏTTAŞ-ın nəzdində yaranan Aqrar və Ekologiya Elmləri üzrə Şuranın təklif olunan tərkibinə baxılıb, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun təklifi əsasında Şuranın tərkibinə biologiya üzrə elmlər doktoru Aydın Əsgərov əlavə olunub.

Növbəti məsələ, AMEA-nın 70 illik yubileyi ilə əlaqədar hər İnstitut haqqında üç dildə (azərbaycan, rus, ingilis) bukletlərin hazırlanmasının tezləşdirilməsi vurğulanıb.

İclasda, həmçinin institutların yeni strukturları ilə bağlı bir neçə məsələ müzakirə olunub. Həmçinin, institutlarda attestasiyanın keçirilməsi haqqında məsələ qaldırılıb və attestasiyanın tez bir zamanda keçirilməsi ilə əlaqədar lazımi tapşırıqlar verilib.

Əsas məsələlərdən biri AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşlarının Bölməyə daxil olan yazılı şikayətlər ilə bağlı olub. Şikayətçiləri dinləmək üçün Bölmənin üzvləri ilə birgə AMEA Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev iştirak edib. Şikayətçilərin hər biri dinlənilib.

Şikayətçilər arasında, həm yazılı ərizəsi ilə müraciət edən, həm də şifahi şikayət etmək üçün İnstitut əməkdaşları da iclasda iştirak edib. Büro üzvləri tərəfindən şikayətçilərə cavab olaraq, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda direktor vəzifəsini icra edən aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah Məmmədovun cavablarını dinləyiblər. Bölmənin üzvləri bu məsələ ilə bağlı öz fikirlərini bildiriblər.

Nəticə olaraq, AMEA Aqrar Elmlər Bölməsinin Bürosu qərara alıb ki, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda direktor vəzifəsini icra edən aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah İlyaz oğlu Məmmədovun tutduğu vəzifəsindən azad edilməsi ilə əlaqədar AMEA prezidenti, akademik Akif Əlizadəyə təqdimat təqdim edilsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi