“Azərbaycan məktəbi” jurnalının 95 illiyi ilə bağlı tədbir keçirilib

“Azərbaycan məktəbi” jurnalının 95 illiyi ilə bağlı tədbir keçirilib “Azərbaycan məktəbi” jurnalının 95 illik yubileyi münasibətilə tədbir keçirilib.
Elm və təhsil
12 İyul , 2019 11:19
“Azərbaycan məktəbi” jurnalının 95 illiyi ilə bağlı tədbir keçirilib

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubileyi münasibətilə tədbir keçirilib.

"Report" xəbər verir ki, mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Milli Məclisin deputatları, AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri, müəllim-professor heyəti, media nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar jurnalın 95 illik fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

C.Bayramov bildirib ki, “Azərbaycan məktəbi” jurnalı 95 illik fəaliyyəti dövründə ilk elmi-pedaqoji jurnal kimi ölkədə xalq maarifinin inkişafında, pedaqoji və psixoloji elmlərin təşəkkülü və formalaşmasında müstəsna rol oynayıb. Nazir ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə “Azərbaycan məktəbi” jurnalının inkişaf dövrünü xüsusi vurğulayıb.

O qeyd edib ki, “Azərbaycan məktəbi” jurnalı Azərbaycan müəllimlərinin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, yeni təlim texnologiyalarının təbliğinə böyük töhfələr verib. Nazir bu jurnalın əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların xatirəsini minnətdarlıqla yad edib.

Nazir, həmçinin, “Azərbaycan məktəbi”nin elmi jurnalların beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əsaslı şəkildə yeniləndiyini diqqətə çatdırıb. Jurnalın elektron arxivinin yaradılmasının xüsusi əhəmiyyətini qeyd edən Təhsil naziri bu mətbu orqanın kollektivini yubiley münasibətilə ürəkdən təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəf jurnalın tarixi və qısa müddətdə həyata keçirilən işlər barədə məlumat verib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və uzun illər jurnalın baş redaktoru işləmiş, qabaqcıl təhsil işçisi Nəcəf Nəcəfov “Azərbaycan məktəbi” jurnalının ölkəmizin təhsilində oynadığı mühüm rolundan danışıblar. Onlar kollektivə uğurlar arzulayıblar.

Tədbirdə “Azərbaycan məktəbi jurnalı – 95” adlı sənədli film nümayiş olunub.

Sonda jurnalın əməkdaşlarına səmərəli fəaliyyətlərinə görə Təhsil Nazirliyinin "Fəxri fərman"ı təqdim olunub.

Son xəbərlər

Orphus sistemi