Yuxarı
    Bağlamaq

    AMEA-nın iki institutuna direktor seçilib

    © Report

    Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib.

    Bu barədə "Report"a AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.

    Tədbirdə Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Bölmə və büro üzvləri, BTEB-nin elmi müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.

    Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov yığıncağı giriş sözü ilə açaraq tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

    İclasda Kembric Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının rəhbəri Qərib Mürşüdov "Struktur biologiyası: uğurlar və gələcək perspektivlər" mövzusunda məruzə ilə çıxış edib.

    Yığıncaqda Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamla bağlı müzakirə aparılıb. Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək Sərəncamdan irəli gələn məsələlər haqqında geniş məlumat verib. Bölmə məsələ ilə bağlı müvafiq qərar qəbul edib.

    Tədbirdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyinin keçirilməsi ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb, həmçinin bir sıra kadr məsələlərinə baxılıb.

    Sonra iclasda gizli səsvermə yolu ilə Botanika və Dendrologiya institutlarının direktorları vəzifələrinə seçkilər keçirilib, akademik Validə Əlizadə Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Dendrologiya İnstitutunun direktoru vəzifələrinə seçilib, seçki nəticələrinin AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi