AMEA Bakının potensial sürüşmə təhlükəsi olan rayonlarının adlarını açıqlayıb

AMEA Bakının potensial sürüşmə təhlükəsi olan rayonlarının adlarını açıqlayıb Yer Elmləri Bölməsinin iclası keçirilib
Elm və təhsil
30 Mart , 2017 15:43
AMEA Bakının potensial sürüşmə təhlükəsi olan rayonlarının adlarını açıqlayıb

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin iclası keçirilib.

AMEA-dan "Report"a verilən məlumata görə, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və institutun elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Seymur Məmmədov "Məsafədən zondlama materialları əsasında Böyük Bakı ərazisinin mövcud ekogeomorfoloji vəziyyətinin CİS mühitində tədqiqi" mövzusunda birgə məruzə ilə çıxış ediblər. Bildirilib ki, tədqiqatlar zamanı Böyük Bakı ərazisində baş verən geomorfoloji proseslərin təhlili aparılıb, kosmik radar məlumatları əsasında ərazinin relyefinin rəqəmsal modeli hazırlanıb və 1:50000 miqyasında rəqəmsal geomorfoloji xəritə tərtib edilib. Böyük Bakı relyefinin morfometrik təhlilinin də aparıldığını deyən məruzəçilər ilk dəfə hipsometrik, meyillik, səmtlilik, üfüqi və şaquli parçalanma xəritələri, yer səthinin ümumi, planlı və profil əyriliyinin xəritələri və diaqrammalarının tərtib olunduğunu diqqətə çatdırıblar.

Qeyd edilib ki, müvafiq ərazidə sürüşmə, yarğan-qobu şəbəkəsi, abraziya və eol prosesləri kimi ekzogen geomorfoloji proseslərin ətraflı öyrənilməsi nəticəsində sürüşmə təhlükəli ərazilər müəyyən olunub. Həmçinin, tədqiqatlar zamanı ekogeomorfoloji gərginlik zonalarının aşkarlandığı, Qaradağ, Nizami, Xəzər və digər rayonlarda potensial sürüşmə təhlükəli ərazilərin mövcud olduğu vurğulanıb.
Məruzədə Böyük Bakı ərazisi üçün kəmiyyət və keyfiyyət göstəriciləri əsasında sürüşmə təhlükəliliyinin rəqəmsal proqnoz xəritəsi və ona uyğun legenda tərtib edildiyi və bu nəticələrin Böyük Bakının yeni ərazilərində şəhərsalma işlərində istifadə üçün çox qiymətli olduğu bildirilib.
Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb və bölmə məsələ ilə bağlı müvafiq qərar qəbul edib.

İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə bağlı olub. Fəxrəddin Qədirov bölmə üzrə həqiqi və müxbir üzvlüyə iki namizədin qeydə alındığını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi