Yuxarı

​ADU tələbələri ABŞ universitelərində təhsil ala biləcəklər

Bununla bağlı ali təhsil müəssisəsi ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında müqavilə imzalanıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, deputat Səməd Seyidov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, görüşün məqsədi ADU tələbələrinin ABŞ-ın öndə gedən ali təhsil müəssisələrində, eyni zamanda, amerikalı tələbələrin ADU-da təhsil alması ilə bağlı yeni proqrama əsasən müqavilənin imzalanması olub.

Görüş əsnasında ADU ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında müqavilə imzalanıb.

Bununla da önəmli Dil Təqaüdü proqramını həyata keçirmək üçün əvvəl imzalanmış müqaviləyə dəyişikliklər olunub və yenilənib. Yeni proqrama əsasən, hazırda bağlanan müqavilə eyni zamanda ADU tələbələrinin də ABŞ-ın ən öndə gedən universitetlərində Yay Məktəbində təhsil almaq imkanını nəzərdə tutur. Bununla yanaşı, 2015-2018-ci illəri əhatə edəcək müqavilədə illik əsaslarla proqramın xərclərinin 50%-nin ADU-nun, 50%-nin isə səfirlik hesabına ödənilməsi qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi