Yuxarı

ADU-da OeAD-Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya Mərkəzi açılıb

Səməd Seyidov: Alman dilinin inkişafında və tədris olunmasında ADU-nun Avstriya universitetləri ilə əlaqələri xüsusi yer tutur

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dillər Universitetində (ADU) ali təhsil müəssisəsinin nəzdində yaradılan OeAD-Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya Mərkəzinin açılışı olub. ADU-dan "Report"a verilən xəbərə görə, öncə rəmzi açılışı bildirən qırmızı lent kəsilib. 

Rektor Səməd Seyidov universitetdə müxtəlif dillərin tədris olunduğunu və bunların içərisində alman dilinin xüsusi yer tutduğunu bildirib: "Alman dilinin inkişafında və tədris olunmasında ADU-nun Avstriya universitetləri ilə əlaqələri xüsusi yer tutur". 

S.Seyidov ADU-da yaradılan Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya Mərkəzinin fəaliyyət göstərərək Avstriyada yüksək səviyyədə təmsil olunacağına və yeni bir müstəviyə yüksələcəyinə əminliyini ifadə edib.

Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex isə iki ölkə arasında elmi, mədəni, iqtisadi sahədə olduğu kimi təhsil sahəsində də əməkdaşlığın daha da genişləcəyindən danışıb. 

Sonda qonaqlar Avstriya Mübadilə Xidməti Bakı İnformasiya Mərkəzi ilə, həmçinin Avstriya kitabxanası ilə tanış olublar.

Qeyd edək ki, mayın 26-da ADU-nun nəzdində Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya Mərkəzinin yaradılmasına və fəaliyyətinə dair universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov və OeAD-ın rəhbəri Stefan Zotti arasında müqavilə imzalanıb. 

Xatırladaq ki, OeAD - Avstriya Mübadilə Xidməti - təhsil, elm və tədqiqat sahələrində geniş proyektlər həyata keçirir, beynəlxalq əməkdaşlıq və mübadilələr aparır, bir sıra təqaüdlər təklif edir. OeAD-nin fəaliyyət dairəsinə yalnız ali məktəblər deyil, həmçinin bütün digər təhsil ocaqları da daxildir. OeAD müxtəlif ali və orta məktəblərarası mübadilə və əməkdaşlıq yaratmaqda vasitəçi rol oynayır, Avstriya təhsilini, elmini və tədqiqat işlərini bütün dünyada tanıdır, yayır, eyni zamanda mübadilə nəticəsində digər ölkələrin də təcrübəsindən faydalanır. Təklif etdiyi təqaüdlərdən yalnız tələbələr deyil, həmçinin müəllimlər və elmi işçilər də yararlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi