​ADNSU-nun nümayəndə heyəti SOCAR-AQŞ-da görüş keçirib

​ADNSU-nun nümayəndə heyəti SOCAR-AQŞ-da görüş keçirib Görüş tələbələr üçün təcrübə mübadiləsi proqramı çərçivəsində baş tutub
Elm və təhsil
9 İyun , 2016 17:46
​ADNSU-nun nümayəndə heyəti SOCAR-AQŞ-da görüş keçirib

Bakı. 9 iyun. REPORT.AZ/ SOCAR-AQŞ-in ofisində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ADNSU mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş tələbələr üçün təcrübə mübadiləsi proqramı çərçivəsində baş tutub.

Məlumata görə, görüşdə Milli Məclisinin üzvləri Məlahət İbrahimqızı, Şahin İsmayılov və ADNSU-nun tələbələri iştirak ediblər. SOCAR-AQŞ-in baş direktoru Ramin İsayev rəhbərlik etdiyi qurumun yarandığı gündən təhsil sahəsi ilə sıx bağlı olduğunu, şirkətin fəaliyyət istiqaməti üzrə gənc mütəxəssislərin yetişdirilməsi işinə töhfə verdiyini diqqətə çatdırıb. 

Sonra şirkətin nümayəndələri Nazim Rəhimov, Nəriman Mustafayev, Sevinc Qasımova, İlham Əhmədov, Bill Cək SOCAR-AQŞ-in müxtəif fəaliyyət istiqamətləri haqda təqdimatlar edərək çalışdıqları qurumun fəaliyyəti haqqında ətraflı məlumat veriblər. Onlar şirkətin ən müasir qazma qurğuları və yeni avadanlıqlarla çalışdığını, işlərin həyata keçirilməsi zamanı təhülkəsizlik qaydalarına və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirildiyini qeyd ediblər.

SOCAR-AQŞ tərəfindən Azərbaycanda ilk dəfə olaraq Bulla-dəniz yatağında 6000 metr dərinliyində quyunun rekord dərəcədə qısa müddətə - 60 gün ərzində qazıldığı, şirkətin horizontal quyuların qazılması sahəsində dünyanın aparıcı şirkətləri ilə rəqabət apara biləcək səviyyədə təcrübəyə malik olduğu vurğulanıb. SOCAR-AQŞ-in təlim və təkmilləşdirmə üçün əlverişli məkan olduğu, burada xüsusi təlim otaqları ilə yanaşı peşəkar mütəxəssislərin olduğu diqqətə çatdırılıb. SOCAR-AQŞ-də təcrübə proqramının 2 ay davam edəcəyini və Qazma Mühəndisliyi şöbəsi, Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi şöbəsi, Geoloji şöbə, Texniki xidmət (Energetika, Mexanika), İnsan resursları şöbəsi, Təlim və təkmilləşdirmə şöbəsi, Təchizat şöbəsi, Maliyyə şöbəsi, İdarəetmə sistemləri şöbəsini əhatə etdiyi vurğulanıb.

Deputat Məlahət İbrahimqızının proqramda iştirak edən tələbələrə təqaüdlərin verilib-verilməyəcəyi ilə bağlı sualına cavab olaraq qeyd edilib ki, proqramda III-IV kurs tələbələri və magistrlər iştirak edə bilər. Müsabiqədən keçmiş və təcrübə keçməyə dəvət almış tələbələrə təqaüd verilməsi də nəzərdə tutulur. 

Deputat Şahin İsmayılov isə SOCAR-AQŞ nümayəndələrinin yüksək peşəkarlıqla hazırladıqları təqdimatları qeyd edərək SOCAR-AQŞ-yə ölkənin hüdudlarından kənarda da milli brend olaraq layiqli yer tutmağı arzulayıb. 

ADNSU-nun rektoru Mustafa Babanlı son 9 ay ərzində universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərdən danışıb. M.Babanlı tələbələrə artıq II kursda buraxılış işlərinin mövzularının verildiyini, universitet tələbələri üçün Oracle, Cisco, Microsoft, Autokad AZİİ-İT Akademiyalarının, İsrail və Ukraynadan dəvət edilmiş mütəxəssislərin iştirakı ilə START UP təlimlərinin təşkil olunduğunu bildirib. Rektor hazırda universitetdə 14 ixtisas üzrə ingilis dilində tədrisin aparıldığını, yeni tədris ilindən etibarən ADNSU-nun nəzdində Fransız-Azərbaycan Universitetinin (UFAZ) fəaliyyətə başlayacağını bildirib.

UFAZ-da tədrisin Fransadan olan müəllimlərin, ən əsası Fransanın tədris proqramı əsasında olacağını qeyd edən M.Babanlı vurğulayıb ki, müasir dövrdə ən mühüm məsələ ali təhsili sənayenin tələblərinə uyğunlaşdırmaqdır. SOCAR-AQŞ-in milli brendə çevrildiyni məmuniyyət hissi ilə qeyd edən rektorun sözlərinə görə, məqsədi ADNSU-nu da brendə çevirmək və yaxın 4-5 il ərzində dünyanın 700 aparıcı universiteti sırasında yer almasıdır.

Sonda M.Babanlı SOCAR-AQŞ-in rəhbərliyinə tələbələr üçün təşkil etdikləri təcrübə proqramına görə təşəkkürünü bildirib, tələbələri təqdim olunmuş gözəl imkanı layiqincə dəyərləndirməyə səsləyib.

Son xəbərlər

Orphus sistemi