Yuxarı
    Bağlamaq

    “ADA” Universitetinin magistraturasına sənəd qəbulu başlayıb

    Dinlə
    © Report

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gündən etibarən 2019-2020-ci tədris ili üçün “ADA” Universitetinin magistr proqramlarına sənəd qəbulu başlayıb. 

    Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, sənəd qəbulu Azərbaycan vətəndaşları üçün 2019-cu ilin aprelin 5-i, xarici vətəndaşlar üçün isə iyulun 1-dək davam edəcək.

    Təklif edilən magistr proqramları diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə edilməsi, MBA və təhsil üzrə menecment ixtisasları üzrədir.

    İki illik ingilisdilli təhsil proqramlarında dərslər yerli və xarici müəllimlər tərəfindən aparılır. Bildirilib ki, axşam saatları və həftəsonu günlərində keçirilən dərslər işləyən insanlara ali təhsillərini davam etdirmək imkanı yaradır. Tələbələr həmçinin ADA-nın akademik tərəfdaşı olan dünyanın 50-dən çox universitetində mübadilə yolu ilə təhsili ala bilərlər.

    Bu ildən etibarən “ADA” Universitetinin Biznesin idarəedilməsi, MBA ixtisası Niderlandın Maastrixt Menecement Məktəbi ilə birgə tədris olunacaq. İkili diplom proqramında dərslər hər iki ali təhsil ocağının müəllim heyəti tərəfindən keçiriləcək.

    “ADA” Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin magistr pilləsi üzrə birinci mərhələ imtahanını verməli və ingilis dili bilikləri üzrə IELTS və ya TOEFL sertifikatı təqdim etməlidirlər. İlkin mərhələdən uğurla keçən bakalavrlar universitetdə keçirilən müsahibədə iştirak etməyə dəvət olunacaqlar. Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr təhsil haqqında güzəştlər qazana biləcəklər. Onlar, həmçinin uzun müddətli sosial tələbə kreditlərindən də yararlana bilərlər.

    Sənəd vermək istəyən şəxslər “ADA” Universitetinin veb səhifəsinə (ada.edu.az) daxil olaraq elektron ərizə formasını doldura, əlavə suallarla isə admissions@ada.edu.az ünvanına müraciət edə bilərlər. Magistraturaya qəbul üzrə ilk məlumat sessiyası “ADA” Universitetində 12 oktyabrda keçiriləcək.

    Qeyd edək ki, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “ADA” Universitetinin müəllim və tələbə heyəti 43 müxtəlif ölkəni təmsil edərək burada zəngin beynəlxalq mühit yaradır və tələbələrə dünya təcrübəsindən yararlanmaq imkanı verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi