Bu gündən Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayıb.
“Report”un əməkdaşı Bakı şəhərində yerləşən 53 nömrəli tam orta məktəbdə dərs ilinin başlaması prosesini izləyib.
Tədbirdə Milli Məclisin deputatı Erkin Qədirli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Orxan Kərimov və məktəbin məzunu, Vətən müharibəsi qazisi Cavid Aşırov iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra çıxışçılar məktəblilərə Zəfər ilinin birincilərinə uğurlar arzulayıblar.
Çıxışlardan sonra şagirdlər siniflərinə yola salınıblar.
Bütün təhsil müəssisələrində olduğu kimi, 53 nömrəli məktəbdə də ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird oxuyacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə isə 471 661 şagird təhsil alacaq. I sinifdə 49 171, IX sinfində 36 199, X sinfində 27 016, XI sinfində 23 707, XII sinfində 176 şagirdin oxuması ehtimal olunur.
Xatırladaq ki, orta və yuxarı siniflərdə dərslərə isə sentyabrın 29-da start veriləcək və həftədə beş dəfə olmaqla əyani formada keçiriləcək.
“Report” Bakı məktəblərindən reportajı təqdim edir.
Müxbir: Nərmin Bəhruzi
Foto-video: Vüqar Xanlarov