“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar keçirilib.
"Report" xəbər verir ki, 300-dən çox iştirakçının qatıldığı vebinarda Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Müasir dövlət qulluqçusu, menecment və ictimaiyyətlə əlaqələr” mövzusunda təqdimatla çıxış edib.
Vebinarın moderatoru Yüksəliş İşçi qrupunun rəhbəri Fərhad Hacıyev olub.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə yaradılan “Yüksəliş” layihəsi, eləcə də bu layihənin ərsəyə gəlməsi təşəbbüsü ali məqsədlərə xidmət edir. Hər bir dövlət üçün insan resursları ehtiyatının əhəmiyyətli olduğunu söyləyən Hikmət Hacıyev bu müsabiqəni dövlət qulluğu və digər sahələrə uyğun potensial kadrların formalaşdırılması, onların inkişaf etdirilməsi baxımından vacib təşəbbüs kimi qiymətləndirib.
Prezidentin köməkçisi 2020-ci ilin Azərbaycan xalqının həyatında və tarixində müstəsna dövr olduğunu vurğulayıb. H.Hacıyev qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı ilə xalqımız Vətən savaşında tarixi zəfərini əldə etdi.
Hikmət Hacıyev kommunikasiya strategiyasının dövlət orqanları qarşısında ən vacib fəaliyyət istiqamətlərindən biri olduğunu deyib. O, həmçinin bildirib ki, vətəndaşlarla canlı ünsiyyət, vətəndaş məmnunluğunun təmin edilməsi, ictimaiyyətə məlumatların düzgün və operativ ötürülməsi dövlət qurumlarının qarşısında duran əsas vəzifələrdəndir. Prezidentin köməkçisi vurğulayıb ki, məmurlar, səlahiyyət həvalə olunmuş şəxslər dürüst, xalqına, dövlətinə sadiq, təvazökar və peşəkar xüsusiyyətlərə malik olmalıdır. Onlar əmək fəaliyyətində zəhmətkeşlik, səmərəli çalışmaq və qarşıya qoyulan hədəflərin düzgün seçilməsi keyfiyyətlərini özündə daşımalıdır.
Qeyd edək ki, vebinar hazırda müsabiqədə iştirakını davam etdirən iştirakçılar üçün nəzərdə tutulub və qapalı şəraitdə keçirilib. İştirakçılarla qarşılıqlı müzakirə formatında aparılan vebinarda, həmçinin onların sualları cavablandırılıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.