Bakı. 14 noyabr. REPORT.AZ/ Yer və Ayın mərkəzləri arasındakı ən az məsafə bu gün olacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Orxan Xəlilov “Report”a deyib ki, bu zaman Ay çox böyük və aydın görünəcək: “Ay yerə çox yaxın olanda biz Ayı böyük görürük və ona “Super Ay” deyirik. Çünki bu zaman Ay həmişəkindən böyük olur, yəni diski böyük görünür. Yaxınlaşma olduqda Ayı həmişəkindən təxminən 14 faiz böyük görürük”.
Təbiət hadisəsinin yerli vaxtla saat 15.24-də olacağını deyən Rəsədxana rəsmisi qeyd edib ki, həmin saatda onu gözlə görmək mümkün olmayacaq: “Axşam gün batanda, təxminən 3 saatdan sonra rahat şəkildə adi gözlə də “Super Ay”ı görmək mümkün olacaq. Ay Yerə yaxın olanda onun səthindəki detalları teleskopla çox aydın görmək olur. Adi gözlə bu fərqi o qədər hiss etmək olmur. Adi gözlə ancaq Ayın böyüklüyünü bir az hiss edirsən, həm də daha işıqlı görürsən. Ayla Yer arasında 356 min 511 km məsafə olacaq. Buna oxşar hadisə 1948-ci ildə qeydə alınmışdı. O zaman mərkəzlər arasındakı məsafə 356 min 465 km idi. Builki yaxınlaşma son 68 ilin ən böyük yaxınlaşmasıdır. Növbəti belə yaxınlaşma 2034-cü ildə olacaq”.
Bunun insan sağlamlığı üçün heç bir təhlükəsinin olmadığını da deyən O. Xəlilov əlavə edib ki, bu, adi təbiət hadisəsidir.