Yeddi yüz bal toplayan abituriyent: “Bakı Ali Neft Məktəbi ilə tanışlıqdan sonra xaricə getməkdən imtina etdim” - MÜSAHİBƏ

Yeddi yüz bal toplayan abituriyent: “Bakı Ali Neft Məktəbi ilə tanışlıqdan sonra xaricə getməkdən imtina etdim” - MÜSAHİBƏ
Elm və təhsil
30 İyul , 2018 14:05
Yeddi yüz bal toplayan abituriyent: “Bakı Ali Neft Məktəbi ilə tanışlıqdan sonra xaricə getməkdən imtina etdim” - MÜSAHİBƏ

Bakı. 30 iyul. REPORT.AZ/ Bu il qəbul imtahanında 700 bal toplayan İlqar Məmmədov Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib. 

"Report" həmin müsahibəni təqdim edir: 

- İlqar, bir az özünüz barədə danışardınız...

- Mən 2001-ci ildə Bakı şəhərində anadan olmuşam. İlk təhsilimə 160 nömrəli Klassik gimnaziyada başlamışam. 5-ci sinifdən isə təhsilimi İlyas Əfəndiyev adına Elitar gimnaziyada davam etdirmişəm. Sonda buranı qırmızı attestatla bitirmişəm.

- Niyə I qrupa üstünlük vermisiniz?

- Dəqiq fənləri daha çox sevdiyimə görə I qrupa üstünlük verdim.

- Ən çox hansı fənni və nə üçün sevmisiniz?

- Daha çox riyaziyyatı sevmişəm, mənə riyaziyyata olan həvəs isə ailədən gəlib.

- Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdiniz?

- Qəbul imtahanında göstərdiyim uğura görə valideynlərimə, bütün müəllimlərimə, direktor Sevda xanıma və bir də ibtidai sinif müəlliməm Lalə müəlliməyə öz təşəkkürümü bildirirəm.

- Ali məktəblər arasında niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiniz?

- Azərbaycandakı ali təhsil müəssisələri arasında tədris səviyyəsi, laboratoriya imkanları və bir çox başqa xüsusiyyətləri ilə fərqləndiyi üçün təhsilimi BANM-da davam etdirmək istəyirəm. Həm də bu universitet ingilis dilli kadrlar, mühəndislər hazırlayır. Ümumiyyətlə, BANM və onun fəaliyyəti ilə tanış olduqdan sonra mən xaricə gedib orada təhsil almaqdan imtina etdim.

- BANM-da hansı ixtisası seçdiniz?

- Mən Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçəcəyəm.

- Niyə məhz BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil almağa qərar verdiniz?

- Məncə gələcəyi daha parlaq olan ixtisas Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasıdır. Həm də ölkəmizdə ən çox ehtiyac duyulan və müasir ixtisasdır.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiniz?

- Boş vaxtlarımda dostlarımla görüşməyi və gəzməyi xoşlayıram. Həmçinin idmanla da məşğul oluram.

- BANM-ı bitirdikdən sonra planlarınız nədir?

- BANM-ı bitirdikdən sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm.

- Sizcə, bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

- İnsanın uğur əldə etməsi üçün çalışqanlıq və yaxınlarının dəstəyi çox vacibdir. Uğura gedən yolda səbrli olmaq, özünü motivasiya etmək və kiçik uğursuzluqlara aldanıb yolundan dönməmək lazımdır.

- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət görərdiniz?

- Mən bütün abituriyentlərə çox çalışmağı, uğur qazanacağına inanmağı məsləhət görürəm və hamısına uğurlar arzulayıram.